Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyevin ölümü ilə bağlı nekroloq yayımlanıb

Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyevin ölümü ilə bağlı nekroloq yayımlanıb
# 10 mart 2014 14:36 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti, Prezidentin fərdi təqaüdçüsü Süleyman Tatlıyevin ölümü ilə bağlı nekroloq yayımlanıb. APA-nın məlumatına görə, prezident İlham Əliyev, həmçinin dövlət və hökumət rəsmilərinin imzaladıqları nekroloqda qeyd olunub ki, S.Tatlıyev martın 9-da ömrünün 90-cı ilində vəfat edib.

S.Tatlıyev 1925-ci il fevralın 27-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Nekroloqda S.Tatlıyevin keçdiyi həyat yolu xatırlanıb, onun Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərdiyi qeyd olunub.

«Süleyman Tatlıyev dövlət idarəçiliyinin və iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə çalışıb, respublikanın sənaye potensialının gücləndirilməsinə və neft-kimya sənayesinin inkişafına töhfələr verib. Harada işləməsindən asılı olmayaraq o, daim özünün yüksək peşəkarlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilib həmkarları arasında dərin nüfuz qazanıb. Süleyman Tatlıyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə var qüvvəsini sərf edib. Ölkənin beynəlxalq ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsində və qazandığı nailiyyətlərin təbliğində onun xidmətləri təqdirəlayiqdir», - deyə nekroloqda vurğulanıb.

S.Tatlıyev bir neçə çağırış Azərbaycan Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. O, bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan «Şöhrət» ordeninə layiq görülüb.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR