Milli Şura Eldəniz Quliyevə verdiyi vədi yerinə yetirmir

Milli Şura Eldəniz Quliyevə verdiyi vədi yerinə yetirmir
# 28 fevral 2014 14:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şuranın sədri Cəmil Həsənlinin adı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev arasındakı qalmaqalda əsas mövzuya çevrilib.

E.Quliyev APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin son iclasında onunla Ə.Əliyev arasında başlayan məhkəmə prosesi müzakirə olunub.

E.Quliyev Koordinasiya Mərkəzinin iclasında C.Həsənli Milli Şuranın birmənalı olaraq onu müdafiə edəcəyini bəyan etdiyini söyləyib: “Ancaq Əli Əliyev mətbuata yalandan açıqlama verib ki, guya Cəmil Həsənli ilə danışıb və Cəmil Həsənli ona Eldəniz Quliyevi müdafiə etməyəcəklərini bildirib. Bu, tamamilə ağ yalandır. Əli Əliyev barışıq üçün onun yanında adam göndərdiyimi də söyləyir. Bu da ağ yalandır”.

Xatırladaq ki, Koordinasiya Mərkəzinin iclası fevralın 26-da olub. Ancaq indiyədək Milli Şura adından E.Quliyevin müdafiəsi ilə bağlı bəyanat verilməyib.

Məsələdə adı hallanan C. əsənli isə APA-ya açıqlamasında tərəflərdən hansının haqlı olduğuna aydınlıq gətirməyib. Milli Şuranın sədri, ümumiyyətlə, bu barədə danışmaq istəmədiyini bildirib.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, KXCP sədri Mirmahmud Mirəlioğlu isə APA-ya açıqlamasında bildirib ki, E.Quliyev özündən nə isə uydurmaz: “Ancaq Koordinasiya Mərkəzində hansı məsələlərin müzakirə olunduğunu açıqlamaq, o cümlədən bu məsələyə aydınlıq gətirmək Milli Şuranın Sədr Aparatının səlahiyyətindədir. Təbii ki, hər kəs bir-birini müdafiə etməlidir”.

Qeyd edək ki, E.Quliyev bu gün məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı Rəşid Hacılının direktoru olduğu Media Hüququ İnstitutu ilə müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR