Bu il Azərbaycanda 20 min ton taxıl toxumunun yığılacağı gözlənilir

Bu il Azərbaycanda 20 min ton taxıl toxumunun yığılacağı gözlənilir
# 01 iyul 2014 10:18 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ölkə fermerlərinin taxıl toxumuna olan ehtiyacının böyük bir hissəsini təmin edən “Azərtoxum” MMC bu il də sahələrdən yüksək məhsuldarlıq proqnozlaşdırır.

Cəmiyyətdən “APA-Economics”ə verilən məlumata görə, iyunun əvvəlindən başlamış biçin kampaniyası “Azərtoxum”un Qəbələ, Şəki, Şəmkir, Tərtər, Siyəzən və Sabirabad rayonlarındakı əkin sahələrində həyata keçirilir: “İl ərzində sahələrə göstərilmiş yüksək aqrotexniki qulluq sayəsində məhsuldarlıq 35 sentnerdən çoxdur. Biçin zamanı itkilərin qarşısının alınması üçün sahələrə Avropadan gətirilmiş müasir kombaynlar cəlb edilib. 2014-cü ilin məhsulu üçün 8 886 hektarda arpa və buğda əkilmişdir. Biçinin yekununda 20 min ton toxum materialı gözlənilir”.

Mütəxəssislər bildirirlər ki, bu il mövsümün quraq keçməsinə baxmayaraq təsərrüfatın sahələrində ciddi itkilər olmayacaq. Təsərrüfatın emal imkanlarına malik olması toxumun keyfiyyətinə təminat verən ən mühüm amildir. Sahələrdən biçilmiş məhsul Yevlax rayonundakı emal mərkəzinə daşınaraq toxum materialı aprobasiya olunur, təmizlənərək yüksək kondisiyaya çatdırılır, dərmanlanır, qablaşdırılır və lazım olan rejimdə saxlanılır. Bütün proseslər ən yeni texnologiyalar əsasında həyata keçirilir.

Qeyd edək ki, “Azərtoxum” MMC əhali və fermerlərin super elit, elit və digər yüksək reproduksiyalı taxıl toxumları ilə təmin edilməsi, yemlik günəbaxan, qarğıdalı və soya bitkilərinin yetişdirilməsi məqsədilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR