Azərbaycanda vergi orqanlarına daxil olan müraciətlərin sayı 24% artıb

Azərbaycanda vergi orqanlarına daxil olan müraciətlərin sayı 24% artıb
# 30 iyun 2014 08:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycanda dövlət vergi orqanlarına vətəndaşlardan ümumilikdə 8 227 müraciət daxil olub.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 947 müraciət və ya 23,7% çoxdur.

Daxil olan müraciətlərdən 8 073-ü (və ya 98,1%-i) ərizə, 137-si (və ya 1,7%-i) şikayət, 17-si (və ya 0,2%-i) təklif xarakterli olub.

Müraciətlərin 33%-i müxtəlif arayışların alınması, 30,7%-i kameral vergi yoxlamaları, 11,8%-i səyyar vergi yoxlamaları, 7%-i vergi borcları, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,3%-i korrupsiya hüquqpozmaları, 16,%-i isə digər məsələlərlə bağlı olub.

Ümumilikdə müraciətlərin 71%-i müsbət həll olunub, 14%-i barədə müvafiq izahat verilib, 4%-i əsassız sayılıb, 1,1%-i qismən həll olunub, 0,9%-i aidiyyəti üzrə göndərilib, 9%-i isə icradadır.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin 51-i eyni, 8-i təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 78 məsələ barədədir. Şikayətlərin faktiki sayından 41%-i operativ nəzarət, 29,5%-i kameral hesablama, 20,5%-i audit, 9%-i isə digər sahələr üzrədir. Daxil olan faktiki şikayətlərin sayı ötən ilin may ayına nisbətən azalıb.

Ümumilikdə şikayətlərin 39-u (və ya 28,5%-i) əsassız sayılıb, 31-i (və ya 22,6 %-i) barədə müvafiq izahat verilib, 12-si (və ya 8,8%-i) müsbət həll olunub, 7-si (və ya 5,1 %-i) aidiyyəti üzrə göndərilib, 48-i (və ya 35%-i) isə icradadır.

Ay ərzində nazirliyin aparatına 757 müraciət, o cümlədən 652 ərizə, 102 şikayət, 3 təklif daxil olub, 22 şikayətin icrası xüsusi nəzarətə götürülüb. Daxil olan şikayətlərin 47-si eyni, 6-sı təkrardır, yəni faktiki olaraq şikayətlər cəmi 49 məsələ ilə bağlıdır. Ötən ilin may ayı ilə müqayisədə nazirliyin aparatına daxil olan müraciətlərin ümumi sayı 66,7% artıb, şikayətlərin faktiki sayı isə 10,9% azalıb.

Azərbaycan Prezidentinin Administrasiyasından nazirliyin aparatına 43 müraciət, o cümlədən 20 ərizə və 23 şikayət daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR