Bakıda daşınmaz əmlakın Milli Məkan Məlumat Bazasının təqdimatı keçirilib

 Bakıda daşınmaz əmlakın Milli Məkan Məlumat Bazasının təqdimatı keçirilib
# 19 fevral 2014 08:54 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, tədbirin keçirilməsində başlıca məqsəd müasir dövrdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları infrastrukturunun əsasını təşkil edən səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi üçün ölkə üzrə daşınmaz əmlak haqqında vahid və etibarlı informasiya bazasının yaradılması istiqamətində görülən işlərin təqdimatıdır. Həmçinin, əmlak üzərində hüquqların qeydiyyatı, elektron kadastr məlumat bazasının yaradılması, müasir ünvan reyestrinin qurulması, daşınmaz əmlakın bazar prinsipləri əsasında kütləvi qiymətləndirilməsi sahəsində həyata keçirilən işlərin işıqlandırılması da tədbirin məqsədlərindədir.


Tədbirdə Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakın kadastrı 3D formatında nümayiş etdirilib. Həmçinin, Sumqayıt şəhəri üzrə hazırlanmış daşınmaz əmlakın kadastrının məlumat bazası, Milli Qeydiyyat Sistemi, Sumqayıt şəhəri üzrə Ünvan Reyestri İnformasiya Sisteminin tam funksionallığının nümayişləri və Sumqayıt şəhəri üzrə daşınmaz əmlakın kütləvi qiymətləndirilməsi sistemi layihəsinin təqdimatı olub.


Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, son illər daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin müasirləşdirilməsi və şəffaflaşdırılması sahəsində ciddi nəticələr əldə olunub: «Komitə fəaliyyət istiqamətləri üzrə daşınmaz əmlakın dövlət reyestrini, daşınmaz əmlakın vahid dövlət kadastrını, ünvan reyestrini, daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi üzrə məlumat bazasını aparır. Bununla bağlı Komitə müvafiq elektron informasiya resurslarını və sistemlərini yaradır. Bu elektron informasiya resursları və sistemləri E-Hökumətin və Milli Məkan Məlumatları infrastrukturunun özəklərini təşkil edir. Bununla mərkəzi və yerli dövlət orqanları, bələdiyyələr, vətəndaşlar, biznes qurumlarının öz fəaliyyətlərində müvafiq məlumatlara olan istifadəçi ehtiyacları ödənilir».


K.Həsənov qeyd edib ki, son illər Azərbaycanda daşınmaz əmlakın kadastrının tərtibi ilə bağlı ciddi işlər görülür: «Almaniyanın maliyyə dəstəyi ilə «Kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi»ni həyata keçiririk. Gəncə və Şəkinin bütün ərazisinin kadastr layihələrinin tərtibinə artıq başlanılıb. 2 il 6 ay ərzində bu iki rayon üçün elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək. Artıq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər rayonları üzrə daşınmaz əmlak haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Həmçinin, respublikanın 2 mln. hektar ərazisinin elektron kadastr məlumat bazası yaradılacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR