Bölgələrdə 270-dən çox əlil protezlə təmin edilib

Bölgələrdə 270-dən çox əlil protezlə təmin edilib
# 03 mart 2014 16:46 (UTC +04:00)

Bakı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bölgələrdə 270 nəfərdən çox əlili protez-ortopedik məmulatla təmin edib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ötən ilin dekabr ayında nazirlik tərəfindən yaradılmış səyyar tibbi-texniki briqadalar indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyaclarını aradan qaldırıblar.

Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərinin aradan qaldırılmasına, onların ehtiyac duyduqları məmulatlarla yerindəcə təmin olunmasına xidmət edən tədbir ölkənin bütün bölgələrində həyata keçiriləcək.

Yaxın günlərdə isə səyyar briqadalar respublikanın Balakən, Zaqatala, Qax, Şəki və digər rayonlarda fəaliyyətlərini davam etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR