Azərbaycan ilk dövlət istiqrazlarını beynəlxalq bazarda yerləşdirib

Azərbaycan ilk dövlət istiqrazlarını beynəlxalq bazarda yerləşdirib
# 12 mart 2014 14:43 (UTC +04:00)

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ilk Azərbaycan bondlarının (istiqrazların) emissiyası xarici investorların böyük marağına səbəb olub. Belə ki, 1,250 mlrd. ABŞ dolları məbləğində dövlət qiymətli kağızlarının emissiyası gəlirliyi illik 5% olmaqla 10 il müddətinə buraxılıb.

Bu göstərici istinad kimi əsas götürülən müvafiq müddətli ABŞ dövlət qiymətli kağızlarından 2,22% dərəcəsi yüksək olub. Müqayisə üçün bildirilir ki, daha yüksək kredit reytinqinə və qiymətli kağız buraxılışı təcrübəsinə malik Rusiyanın eyni müddətli dövlət qiymətli kağızları gəlirliyi illik 2,41%, Türkiyənin dövlət qiymətli kağızları isə 2,74% dərəcəsi ilə yerləşdirilib.

İnvestorların maraqlarının ifadəsi kimi, Azərbaycan qiymətli kağızlarına olan tələbat təklifdən 4 dəfə artıq olub və 160-dan çox ölkənin institusional investorlarını cəlb edib. Yerləşmənin nəticələrinə görə, investorların əksəriyyəti ABŞ-da olmaqla (47%), Birləşmiş Krallıq (25%), Almaniya (18%) və digər ölkələri (10%), o cümlədən Sinqapur, İsrail və s. əhatə edib.

Beynəlxalq bazarlarda ilk dövlət istiqrazlarının yerləşdirilməsi üçün «Barclays», «Deutsche Bank» və «Citi» investisiya banklarından ibarət sindikata Azərbaycan Maliyyə Nazirliyi tərəfindən səlahiyyət verilib. Ötən həftə ərzində Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi və İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Dövlət Neft Fondunun nümayəndələrinin də təmsil olunduğu heyət investisiya bankları sindikatı ilə birlikdə Almaniya, Böyük Britaniya və ABŞ-da investorlar üçün təqdimatlar keçiriblər. Təsadüfi deyil ki, «Bloomberg», «Financial Times», «Reuters» və digər dünyanın nüfuzlu media orqanları tərəfindən ölkənin dövlət istiqrazlarının beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR