Müsavatın qurultayının vaxtı məlum olub

Müsavatın qurultayının vaxtı məlum olub
# 11 fevral 2014 13:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası qurultay keçirilməsi üçün yerin ayrılması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) məktubla müraciət edib.

Partiyadan APA-ya verilən məlumata görə, Müsavat başqanı İsa Qəmbərin imzaladığı məktubda deyilir ki, 2012-ci ilin müxtəlif tarixlərində Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılması xahiş edilib, bu məqsədlə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan müxtəlif zalların, o cümlədən Əl Oyunları İdman Sarayının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının ayrılmasının məqsədəuyğun olduğu bildirilib.

“Qeyd etdiyimiz yerlərdən başqa münasib yerlərin müəyyənləşdirilməsi istiqamətində birgə müzakirələrin aparılmasının da məsələnin müsbət həllinə kömək edə biləcəyini nəzərə alaraq, biz müzakirələrə hazır olduğumuzu ifadə etmişik. Sizdən Azərbaycan Respublikası Konstitusiyasının və “Siyasi partiyalar haqqında” qanunun tələblərini yerinə yetirərək, 800-1000 nəfərin iştirakı ilə 24 may 2014-cü il tarixində səhər saat 10:00-dan 20:00-dək Müsavat Partiyasının VIII qurultayının keçirilməsi üçün bizə Bakı şəhərinin uyğun iclas zallarının birinin ayrılmasına yardımçı olmanızı xahiş edirik. Əgər bizim təklif etdiyimiz yerlərdən başqa bir yer ayırmaq fikriniz olarsa, bu məsələni qarşılıqlı müzakirə yolu ilə həll etməyə hazır olduğumuzu bir daha bəyan edirik”, - deyə müraciətdə bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR