Energetika Nazirliyində yeni yaradılmış işçi qrupunun ilk iclası keçirilib

Energetika Nazirliyində yeni yaradılmış işçi qrupunun ilk iclası keçirilib
# 07 aprel 2014 11:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Energetika Nazirliyində yaradılmış və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş işçi qrupunun ilk iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, energetika nazirinin müavini Gülməmməd Cavadovun sədrliyi ilə keçirilən işçi qrupunun iclası prezident İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq ölkədə qazlaşdırmanın, yanacaq-enerji kompleksi üzrə layihələrin həyata keçirilməsinin sürətləndirilməsi, yeni generasiya güclərinin istismara verilməsi və köhnələrin yenidən qurulması, texnoloji itkilərin azaldılması istiqamətində tədbirlərin icrasını sürətləndirmək və əlaqələndirilməsini təmin etmək məqsədi ilə baş tutub.

İşçi qrupuna Nazirlər Kabinetinin tapşırığına müvafiq olaraq ölkənin iqtisadi rayonlarında elektrik təsərrüfatının yenilənməsi, enerji potensialına tələbatın daim qabaqlanması məqsədi ilə gələcəkdə elektrik stansiyalarının tikintisi, qazlaşdırmanın 95-96%-ə çatdırılması, “Sənaye ili”ndə xüsusi sənaye zonalarının yaradılmasında enerji infrastrukturunun qurulması istiqamətində işlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Tədbirlər Planının hazırlanması tapşırılıb.

Qeyd edək ki, işçi qrupuna Azərbaycan energetika nazirinin müavinləri rəhbərlik edir, burada Nazirliyin, Azərbaycan Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Bakıelektrikşəbəkə” ASC və “Azəristiliktəchizat” ASC-nin məsul əməkdaşları daxildir. İşçi qrupunun iclasında nəzərdə tutulan tədbirlər üzrə müzakirələr aparılıb, Tədbirlər Planında nəzərdə tutulan işlərin icrası istiqamətində mütəmadi müzakirələrin keçirilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR