MŞ-də “Türk Dövlətlər Birliyi” kitabının və Əlibəy Hüseynzadəyə həsr olunmuş filmin təqdimatı keçirilib

MŞ-də “Türk Dövlətlər Birliyi” kitabının və Əlibəy Hüseynzadəyə həsr olunmuş filmin təqdimatı keçirilib
# 18 mart 2014 13:03 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasında (MŞ) Cavanşir Feyziyevin “Türk Dövlətlər Birliyi” kitabının və Əlibəy Hüseynzadəyə həsr olunmuş filmin təqdimatını keçirib.

APA-nın məlumatına görə, kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə - Türk Dövlətləri Birliyinin yaradılması zərurətinə həsr olunub.

Tədbirdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, bu kitab kifayət qədər peşəkar səviyyədə yazılıb: "Kitab türkdilli xalqlar arasında bu vaxta qədər qurulmuş əlaqələrə nəzər salır, sistemli konseptual şəkildə baxış keçirir. Kitabda Türk Dövlətləri Birliyi ideyasının reallaşması müasir beynəlxalq siyasətin pozitiv dəyişikliklərini sürətləndirə bilən dönüşyaradıcı proses kimi əsaslandırılır".

Şura sədri onu da əlavə edib ki, sözügedən kitab başqa dillərə də tərcümə olunmalıdır: "Bununla da dünya xalqlarının diqqəti kitaba cəlb olunar və oxucular üçün dəyərli töhfə olar".

Daha sonra kitabın ön söz müəllifi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edib.

Y. Mahmudov qeyd edib ki, kitabda müəllif müasir dünyada baş verən proseslərin aparıcı tendensiyalarını, zəruri dəyişmələri motivləşdirən amilləri analiz edərək, qlobal siyasətin pozitiv transformasiyasında və beynəlxalq münasibətlərin inkişafında Türk Dövlətləri Birliyinin rolunun nədən ibarət olduğu göstərir: "Bu monoqrafiyanı mən elmimizin mühüm uğuru hesab edirəm".

Daha sonra Şura tərəfindən C. Feyziyevə "Həqiqətə xidmətlərinə görə" mükafatı təqdim olunub.

Çıxışlardan sonra isə Əlibəy Hüseynzadəyə həsr olunmuş film nümayiş olunub. Film Mətbuat Şurasının dəstəyi ilə çəkilib. Filmin rejissoru Bəxtiyar Qaracadır. Filmdə Əlibəy Hüseynzadənin türkçülük tarixindəki xidmətlərindən bəhs olunur. Eyni zamanda Əlibəy Hüseynzadənin həyat və yaradıcılığı, tədqiqatçıların onun barəsindəki müsahibələri də filmdə yer alıb.

Qeyd edək ki, tədbirdə millət vəkilləri, tarixçi alimlər, ziyalılar və başqaları iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR