“Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” mövzusunda müsabiqə elan edilib

“Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” mövzusunda müsabiqə elan edilib
# 14 fevral 2014 16:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilmiş məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri bu mövzularda yazmağa həvəsləndirmək məqsədilə “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” mövzusunda müsabiqə elan edir.

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqə beş nominasiya - ən yaxşı resenziya, ən yaxşı nəzəri araşdırma, ən yaxşı portret yazı, ən yaxşı tənqidi məqalə, ən yaxşı müsahibə üzrə keçirilir.

Müsabiqədə yaşı 35-dək olan, peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri iştirak edə bilər.

Müəlliflər məqalələri fevralın 15-dən noyabr ayının 1-dək «Mədəniyyət» qəzetinin və «525-ci qəzet»in redaksiyalarına təqdim etməli, yaxud e-mail ünvanlarına göndərməlidir. Hər iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.

Ən yaxşı beş məqalə seçilərək birinci, ikinci və üçüncü yer və iki həvəsləndirici mükafata layiq görüləcək.

Birinci yer üçün 1000, ikinci yer üçün 800, üçüncü yer üçün 500, iki həvəsləndirici mükafat üçün isə hər birinə 300 manat pul və diplom nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək istəyənlər məqalənin A4 formatda çap olunmuş və ya elektron variantı ilə yanaşı, qısa tərcümeyi-halını, əlaqə telefon nömrəsini də təqdim etməlidirlər.

Müsabiqənin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılması mərasimi 2014-cü ilin noyabrında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək. Nəticələr məqalələrin təqdim olunduğu qəzetlərdə və nazirliyin internet saytında dərc olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR