AMEA-nın 70 illik yubileyi çərçivəsində ediləcək yeniliklər açıqlanıb

AMEA-nın 70 illik yubileyi çərçivəsində ediləcək yeniliklər açıqlanıb
# 18 mart 2014 13:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan akademiya prezidenti, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. A.Əlizadə bildirib ki, yaxın gələcəkdə akademiyanın Müasir Ümumi Analitik Bazasının yaradılması nəzərdə tutulur. Rəyasət Heyəti bu işin icrası ilə bağlı institut direktorları və bölmələrdən təkliflər gözləyir.

AMEA-nın bir neçə institut və təşkilatında universitetlərin müvafiq fakültələrinin baza kafedralarının fəaliyyət göstərdiyini söyləyən akademik bu kimi kafedraların akademiyanın bütün müəssisələrində təşkilinin vacibliyini vurğulayıb. Bildirib ki, baza kafedraları ölkədə yüksək səviyyəli kadrların yetişdirilməsi üçün böyük imkandır.

Daha sonra AMEA prezidentinin müşaviri Rəhim Hüseynov akademiyanın 70 illik yubileyi çərçivəsində təşkil olunacaq “Bakı Elm Festivalı-2014” haqqında ətraflı məlumat verərək bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutacaq Elm Festivalında elm, yeni texnologiya və innovasiyalar təbliğ olunacaq, müxtəlif mülahizə, sərgi, seminar və maraqlı təcrübələr nümayiş etdiriləcək.

AMEA-nın müxbir üzvü Vaqif Abbasov son dövrlər akademiyada gənclərin elmə cəlb edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini deyərək bu tədbirlər çərçivəsində AMEA-nın Riyaziyyat, Texnika və Təbiət Elmləri Litseyinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. 2015-ci il Dünya Kimya Olimpiadasının Bakıda keçiriləcəyini söyləyən V.Abbasov Təhsil Nazirliyi və AMEA-nın təşkilatçılığı ilə birgə olimpiadaların təşkilinin önəmliliyini vurğulayıb.

AMEA prezidentinin müavini-işlər müdiri Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında çıxış edib. Bildirib ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil probleminin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR