Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin premyerası keçiriləcək

Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin premyerası keçiriləcək
# 05 fevral 2014 16:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 18-də Oqtay Mirqasımovun “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qisas almadan ölmə” filminin premyerası keçiriləcək.

Rejissorun APA-ya verdiyi məlumata görə, premyerada Almaniya səfirliyindən, Rusiya, Gürcüstan və İsraildən qonaqlar iştirak edəcəklər.

O.Mirqasımov qeyd edib ki, filmin təqdimatının 2013-cü ildə təxirə salınmasının səbəbi Almaniya səfirliyi ilə aparılan danışıqlar olub. Təqdimat mərasimində Almaniyanın Azərbaycandakı səfirinin iştirak edəcəyi də gözlənilir.

Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR