İslamabadda hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan İşçi Qrupunun görüşü keçirilib

İslamabadda hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan İşçi Qrupunun görüşü keçirilib
# 13 fevral 2014 14:50 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Fevralın 10-11-də İslamabadda hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan İşçi Qrupunun 5-ci görüşü keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Pakistan nümayəndə heyətinə Pakistan Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru, general-mayor Məhəmməd Fərruh Rəşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov rəhbərlik edib.

Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın gedişatı, o cümlədən Azərbaycan-Pakistan İşçi Qrupu dördüncü görüşünün qərarlarının icrası vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib. Qəbul edilmiş qərarlar illik əməkdaşlıq Planına daxil edilib.

Eyni zamanda, ölkələrin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. Təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Müzakirələrin sonunda "Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüşünün Protokolu", habelə "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı" imzalanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR