Şəkidə gənclər üçün treninq keçirilib

Şəkidə gənclər üçün treninq keçirilib
# 27 fevral 2014 15:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Pedaqoji Kollecində gənclər üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, treninq “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” və “İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında olub.

Tədbirdə biznes-ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq iştirakçılarına həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə geniş məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR