İstanbul hər kəsi 7-29 iyun tarixlərində möhtəşəm “Shopping Festival”a dəvət edir - FOTOSESSİYA

İstanbul hər kəsi 7-29 iyun tarixlərində möhtəşəm “Shopping Festival”a dəvət edir - <span style="color: red;">FOTOSESSİYA
# 22 may 2014 13:42 (UTC +04:00)

Bakı. Nazilə Uspatova – APA. İyunun 7-29-da Türkiyənin İstanbul şəhərində keçiriləcək “İstanbul Shopping Festival”la əlaqədar Türk Hava Yolları (THY) Azərbaycandan olan bir qrup mətbuat nümayəndəsinin İstanbula səfərini təşkil edib. “APA Holding”in əməkdaşının da iştirak etdiyi səfər festivalın tanıdılması məqsədi daşıyıb. THY Azərbaycanla yanaşı, Rusiya, İran, Ukrayna, Yunanıstan, Albaniya, Səudiyyə Ərəbistanı, Serbiya, Makedoniya və digər ölkələr – ümumilikdə 17 ölkədən olan 42 media təmsilçisinə də belə bir şərait yaradıb.

Səfər proqramı “İstanbul Shopping Festival”ın ana sponsoru olan THY ilə tanışlıqla başlayıb. Səfər proqramının ilk günündə jurnalistlər İstanbulun nəhəng ticarət mərkəzlərindən biri olan “Zorlu Center”a yollanıblar. Dünyanın ən tanınmış markalarının mağazalarının olduğu bu mərkəzdə əyləncə və konsert zalları, otel və restoranlar da var.

Daha sonra media nümayəndələri festivalın əhatə etdiyi “VILAND” ticarət və əyləncə mərkəzinə dəvət edilib. Ticarət mərkəzi və tematik park inteqrasiyası ilə dünyada bir ilkə nail olan “VIALAND” keçən il 8,5 milyon nəfər ziyarətçi qəbul edib, bu il isə 30 milyon ziyarətçi gözləyir. “VIALAND” açıldığı andan Şərqi Avropa, Balkanlar, Yaxın Şərq və Afrikadan turistləri cəlb edib. “VIALAND” Avropada ən çox üstünlük verilən 3 tematik parkdan biri olmağı planlaşdırır. 650 milyon dollar investisiya hesabına İstanbulun Eyyub rayonunda tikilən “VIALAND”ın ərazisi 100 futbol meydançasına bərabərdir. Bu məkan Türkiyəyə ilk dəfə gətirilən 30-dan artıq əyləncə vasitələri, “LSM Coaster”, “Drop Tower”, “Rafting Ride”, “Splash Coaster”, “SnopgeBob”, “SquarePants”, “Dora and Diego” və s. ilə dünyanın ən məşhur tematik parklarını geri qoyur. 17 milyon dollar dəyərində olan Rollercoaster (“Amerika təpələri” attraksionu) saatda 110 km sürətə 3 saniyədə çatır. CNN bunu dünyada ən yaxşı dördüncü attraksion adlandırıb. “VIALAND” ticarət mərkəzi hər yaşa və hər zövqə uyğun məşhur geyim brendlərinin satışını həyata keçirir. Burada unikal ləzzətləri özündə birləşdirən “Simit Sarayı”, “Gönül Kahvesi”, “Mangal Plus”, “Casa De İtalia”, “Bursa Kebap Evi” və “Tavuk Dünyası” fəaliyyət göstərir. “VIALAND” ticarət mərkəzi alış-veriş və əyləncəni özündə birləşdirir. Burada həmçinin son texnologiya ilə təchiz olunmuş kinoteatrlar və müştərilərin xoş anlar yaşaya biləcəyi boulinq zalı fəaliyyət göstərir.

Növbəti gün mətbuat nümayəndələrinin proqramı “Panorama 1453” Tarix Muzeyindən başlayıb. Topkapı Kültür Parkında yerləşən panoramik muzeydə 3.000 kvadratmetrlik bir sahədə İstanbulun fəthini əks etdirən və 3D effektli nəhəng rəsm əsəri yerləşdirilib. 3D effektinə nail olmaq üçün rəsmə 14 metr aralıda qurulmuş platformadan baxmaq lazımdır. Rəsmin 650 kvadrat metrlik hissəsini 3D effekti ilə izləmək mümkündür. Hazırda dünyada 30-a yaxın bu tip muzey mövcuddur. Bu cür muzeylər adətən tarixdəki ən önəmli hadisələri canlandırmaq məqsədilə hazırlanır.

Sonra İstanbul Ticarət Mərkəzində festivalın təmsilçiləri ilə görüş təşkil olunub. “İstanbul Shopping Festival-2014”ün İcra Komitəsinin həmsədri Hakan Orduhan deyib ki, festivala ölkə xaricindən 1 milyona yaxın turistin gəlməsi gözlənilir. Turist axını daha çox Türkiyənin çevrəsindəki ölkələrdən olacaq: “Buraya Azərbaycan da daxildir. Festivala Azərbaycandan olan dostlarımızı gözləyirik. Tədbirdə dünya və Türkiyə markaları iştirak edir və onların hər birinin özəl təqdimatları olacaq. 7-29 iyun tarixlərində İstanbula gələnləri 30-70% faizlik endirimli alış-verişlə yanaşı, gecə saatlarına qədər davam edəcək konsertlər, ziyafətlər gözləyir. Küçələrdə böyük konsertlərimiz keçiriləcək. Yerli və xarici müğənnilərin çıxışları olacaq. Bu, möhtəşəm bir festival olacaq”.

Festivalın baş direktoru Füsun Tavus media mənsublarına açıqlamasında 23 gün davam edəcək və alış-veriş, əyləncə, moda və sənət-mədəniyyət sahələrini əhatə edəcək böyük bir tədbirə hazırlaşdıqlarını bildirib: “İstanbulun marka dəyərinə dəyər qatmaq üçün 3 il öncə yola çıxdıq. İstanbulu dünyanın ən məşhur moda və ticarət nöqtələrindən birinə çevirmək hədəfinə hər il bir az da yaxınlaşırıq”.

Festivalın siması Azərbaycanda da hamının yaxşı tanıdığı tanınmış müğənni Hadisədir. Məşhur fransalı sənətçi Patrisiya Kass da festival çərçivəsində konsert proqramı ilə çıxış edəcək. İyunun 8-də “Akbatı” ticarət mərkəzində Hadisənin iştirakı ilə festivalın açılışı olacaq. İyunun 16-da “LifePark” mərkəzində isə Patrisiya Kaas konsert proqramı ilə çıxış edəcək.

Festival İstanbulun “Kozzy”, “Kanyon”, “Historia Fatih”, “Neomarin”, “Carrefour İçerenköy”, “Palladium”, “A Plus Ataköy”, “Capitol”, “İstinyePark”, “Torium”, “Marmara”, “Metrocity”, “Akmerkez”, “Profilo”, “İstanbul Power Outlet”, “City’s Nişantaşı”, “Sapphire Çarşı”, “Optimum Outlet”, “Cevahir”, “Carousel”, “Pendorya”, “Akbatı”, “Trump Tower Malls” və s. ticarət mərkəzlərini və çoxsaylı mağazaları əhatə edəcək.

İyunun 12-də festival çərçivəsində “Altın (qızıl) günü” keçiriləcək və məşhur “Kapalıçarşı”da endirimli kampaniyalar təşkil olunacaq.

Festivalın təşkilatçıları ilə görüşdən sonra qonaqlar “Güloğlu” kafesinə dəvət edilib və burada Türkiyənin şirniyyat növlərindən dadıblar. Mətbuat təmsilçiləri İstanbulun, eləcə də dünyanın böyük tarixi məkanları olan Topkapı Sarayı, Ayasofya Muzeyi, Sultan Əhməd Camisi, Misir Çarşısı ilə tanışlıq fürsətini də qaçırmayıblar. Sonra boğazda gəmi gəzintisi ilə davam edən səfər proqramı sonuncu gün İstanbulun qədim tarixinə ekskursiya ilə başa çatıb.

Proqramın sonunda media nümayəndələri THY-nın İkram Mərkəzində də olublar. Burada onlar hər gün həyata keçirilən reyslərdə minlərlə insana təqdim olunan müxtəlif çeşidli, yüksək keyfiyyətli yeməklərə, çörəklərə, içkilərə, şirniyyatlara baxış keçiriblər. Daha sonra THY-nin çoxsaylı qurumlarının arasında önəmli yer tutan, milyonların istifadə etdiyi təyyarələri idarə edənlərin hazırlandığı Uçuş və Təlim Akademiyası ilə tanışlıq başlayıb. Pilotların hazırlıq keçdiyi, bütöv bir şəhərciyi xatırladan mərkəz son model avadanlıqlarla təchiz olunub. Burada pilotların təlim keçdiyi 9 ədəd “Boing 777” tipli simulyatorlara (onların hər birinin qiyməti 50 milyon dollar təşkil edir) baxış keçirilib. Simulyatorlarda təyyarənin eniş, qalxış, uçuş vəziyyətləri nümayiş olunub. Mətbuat nümayəndələri şərti də olsa, qəza, yanğın, partlayış vəziyyətlərinə düşüb, belə anda nələr etmək lazım olduğu barədə məlumatlandırılıblar. Akademiyada o da qeyd olunub ki, burada bir pilotun hazırlanması üçün minimum 3 il vaxt lazım gəlir.

Sonra THY baş ofisində şirkətin baş direktoru Təməl Kotil mətbuat nümayəndələrini qəbul edib. Qəbulda şirkət barədə ətraflı məlumatlar verilib. T. Kotil THY-nin Afrika, Amerika, Asiya və Avropanın ən müxtəlif nöqtələrinə, Avstraliyaya, eləcə də Türkiyə daxilinə çoxsaylı reyslər həyata keçirdiyini deyib. O qeyd edib ki, 80 il əvvəl cəmi 5 təyyarə ilə fəaliyyətə başlayan THY-nin aviasiya parkında hazırda 200 təyyarə var. Ötən ay THY aviasiya üzrə dünyanın ən yüksək mükafatlarından biri olan "2012 Freddie"də iki istiqamət üzrə mükafat qazanıb. Bundan əvvəl isə THY Avropanın “Ən yaxşı hava yolu” elan edilib. Mülki aviasiya sektorunda keyfiyyəti qiymətləndirən “Skytrax”ın dəyərləndirməsinə görə, THY 3 kateqoriyada "Avropanın ən yaxşı hava yolu" mükafatını alıb.

T. Kotil tədbirdə Azərbaycandan olan jurnalistlərin suallarını da cavablandırıb. THY-nin hazırda Bakıya gündə 4 dəfə reyslər təşkil etdiyini nəzərə çatdılran T. Kotil bu reyslərin sayının daha çox olmasını istədiklərini söyləyib. O, yaxın zamanlarda fəaliyyətə başlayacaq İstanbul-Lənkəran-İstanbul reysi barədə də danışıb “Rəhbərlik etdiyiniz şirkət Azərbaycana gerçəkləşdirilən reyslərdə uçuş qiymətlərini aşağı sala bilərmi” sualına cavab olaraq T. Kotil qeyd edib ki, THY hər zaman ən keyfiyyətli, ən ucuz xidmət göstərməyi düşünür: “Uçuşların sayı artdıqca qiymətlər enir. Bizim tək bir məqsədimiz var – insanlar bizim xəttimizlə uçsunlar. Təki uçuşlarımızın sayı çox olsun”.

Səfər proqramının sonuncu gününün son ünvanı isə nəhəng İstanbul Akvariumu olub. Üç il əvvəl fəaliyyətə başlayan akvariumun ziyarətçilərinin sayı yüz minlərlədir. 2003-cü ildə İstanbul bələdiyyəsi tərəfindən elan olunmuş tenderdə qalib gəlmiş 4 böyük şirkət tərəfindən qurulan akvarium hazırda dünyanın ən böyük Tematik Akvariumu hesab olunur. Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi, Süveyş kanalı, Aralıq dənizi, Cəbəllüttariq boğazı, Panama kanalı, Sakit okean, Amazon ovalığı və s. bölümlərdən ibarət olan akvariumda adı çəkilən su məkanlarında yaşayan bütün balıq növlərinə, su canlılarına, bitkilərinə rast gəlmək mümkündür. İstanbul akvariumu ən yeni nəsil texnologiyalarından istifadə olunmaqla yaradılıb. Bu akvarium bir sıra yeniliklərinə görə dünyada birinci sayıla bilər. Akvarium ziyarətçilərinə türk, ingilis və bir sıra başqa dillərdə əhatəli məlumatlar verir. Hər sahə ayrıca olaraq özünəməxsus şəkildə səs və işıq effekti ilə təmin olunub. 6.800 kubmetr su həcminə malik akvarium 100 hektar ərazidə yerləşir. “Qara dəniz”dən başlayıb “Sakit Okean”a qədər uzanan 1,2 kilometr uzunluğunda gəzinti sahəsində 1.500 çeşid, 15 min dəniz və quru canlısı ilə rastlaşmaq mümkündür.

Səfərin təşkilatçısı olan THY-yə xoş təəssürat oyadan çox maraqlı proqrama görə təşəkkür edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR