Yeni GAMOH təşkilatının üzvü narkomanların saxlanıldığı kameraya köçürülüb

Yeni GAMOH təşkilatının üzvü narkomanların saxlanıldığı kameraya köçürülüb
# 05 aprel 2014 15:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycanlı siyasi məhbus narkomanların saxlanıldığı kameraya köçürülüb.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, buna səbəb Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin üzvü olan Mahmud Fəzlinin Təbriz Mərkəzi Həbsxanasının rəisi ilə mübahisə etməsi olub.

Belə ki, Təbriz Mərkəzi Həbsxanasının rəisi aprelin 3-də məhbusların problemləri ilə tanış olmaq üçün 12-ci bəndə gəlib. Azərbaycanlı siyasi məhbus da Yeni GAMOH təşkilatının üzvlərinin işinin yenidən araşdırılması üçün Tehrana göndərilməməsinə etirazını bildirib. Təbriz Mərkəzi Həbsxanasının rəisi isə M.Fəzlinin ünvanına təhqiramiz ifadələr işlədib və onun narkomanların saxlanıldığı 7-ci bəndə salınması barədə göstəriş verib.

Azərbaycanlı siyasi məhbusun aclıq aksiyasına başladığı ehtimal olunur. Bundan əlavə, M.Fəzliyə dəstək olaraq Təbriz Mərkəzi Həbsxanasının 12-ci və digər bəndlərinin siyasi məhbuslarının da aclıq aksiyasına əl atacaqları bildirilir. Onlar həbsxana qanunlarının icrasını, yəni siyasi məhbusların digər məhkumlardan ayrılması və Təbriz Mərkəzi Həbsxanası rəisinin öz kobud davranışlarına görə üzr istəməsini tələb edəcəklər.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbrizdə, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L.Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridir. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq? onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək ötən il 28 gün aclıq aksiyası keçiriblər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib. Azərbaycanlı siyasi məhbuslar əvvəlcə Tehranın Evin həbsxanasına, oradan da Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüblər, daha sonra isə Təbriz Mərkəzi Həbsxanasına geri qaytarılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR