Mais Mənsimov: “Çempionluğu qazanmış 3 məşqçiyə təklif göndərmişik”

Mais Mənsimov: “Çempionluğu qazanmış 3 məşqçiyə təklif göndərmişik”
# 05 mart 2013 15:50 (UTC +04:00)

Bakı – APA. “Yeni baş məşqçi axtarışında bir sıra namizədləri nəzərdən keçiririk. Artıq 3 nəfərə təklif göndərilib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov deyib.


O, ispaniyalı Karles Martorell Bakesin istefa verməsindən sonra boş qalan baş məşqçi postuna namizədlər haqda danışıb.

Mənsimov bildirib ki, təklif göndərdikləri məşqçilərin hər üçü çalışdırdıqları klublarda çempionluq qazanıblar: “Ümumiyyətlə, seçimi “Böyük beşlik” ölkələrinin aparıcı klublarında çalışan məşqçilər arasında edirik. Gələn məşqçi komandanı sözün əsl mənasında qaldırıb, “Xəzər Lənkəran” azarkeşinə növbəti ildə çempionluq bəxş etməlidir”.

Mənsimovun sözlərinə görə, “altılığ”a düşə bilməməklərinə mövsümün, yaxud klubun 9 illik tarixinin uğursuzluğu kimi baxmaq lazım deyil: “Fürsətdən istifadə edərək azarkeşlərimizi - əsl azarkeşlərimizi ruhdan düşməməyə çağırıram. Ən əsası, onlar bilməlidirlər ki, bu 9 il ərzində klub qazandığı bütün nailiyyətləri ancaq düzgün, rüşvətsiz, pərdə arxasında danışıqlarsız əldə edib. Hazırda komanda kubok uğrunda mübarizə aparır. İnşallah, növbəti titula sahib çıxıb, avroliqaya vəsiqə qazanacaq. Bu məqsədə çatmaq üçün komanda əlindən gələni edəcək”.

Prezident uğursuzluqda istər inzibati heyət, istər məşqçi korpusu, istər futbolçular – vəziyyətin bu yerə çatmasında hamısının günahı olduğunu söyləyib: “Ancaq bunu hər kəsə eyni dərəcədə şamil etmək olmaz. Kiminsə payına 50%, digərinin payına 10% məsuliyyət düşür və buna uyğun tərəfimdən ölçü götürülür. Onu da qeyd etməyi vacib sayıram ki, uğursuzluğun səbəbini təkcə klubun daxilində görmək olmaz. Burada pərdəarxası oyunların da rolu az olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR