Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-ə təyin etdiyi aksiyanı təxirə salıb

Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-ə təyin etdiyi aksiyanı təxirə salıb
# 26 aprel 2013 12:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) iclası keçirilib.

DQMM İdarə Heyətinin üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun APA-ya verdiyi məlumata görə, iclasda DQMM-in aprelin 28-ə təyin etdiyi mitinqlə bağlı müzakirə aparılıb və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müraciətə mənfi cavab verməsi tənqid edilib. DQMM belə qənaətə gəlib ki, mitinqi BŞİH aksiya üçün ayırdığı Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirməsin.

Ə. Oruc qeyd edib ki, aprelin 28-ə təyin edilən mitinq təxirə salınıb: “Aksiyalarla bağlı növbəti müzakirə aprelin 30-da keçiriləcək”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verib.

BŞİH mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.

Xatırladaq ki, müraciətdə keçirilməsi üçün 3 yer - Nizami rayonu, “Təbriz” kinoteatrının qarşısındakı meydan, Binəqədi rayonu, metronun “Dərnəgül” stansiyasının çıxışındakı dəmiryolu deposu yaxınlığında yerləşən meydan və Nəsimi rayonu 20 Yanvar küçəsi, 4-cü mikrorayondakı məhəllə stadionu məqsədəuyğun hesab olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR