“ATV İnternational” telekanalına “SOCAR Media” rəhbərlik edəcək - APA TV

“ATV İnternational” telekanalına “SOCAR Media” rəhbərlik edəcək - <span style="color: red;">APA TV
# 10 aprel 2013 07:57 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “ATV İnternational” kanalının “Azad Azərbaycan” (ATV) televiziya kanalından ayrılması və başqa qurumun tabeliyində, fərqli adla fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransı keçirilib.


APA-nın məlumatına görə, ATV-nin prezidenti Vüqar Qaradağlı deyib ki, “ATV İnternational” 2009-cu ildə yaradılıb və bu müddət ərzində milli-dövlətçilik istiqamətində fəaliyyət göstərib. “ “Azad Azərbaycan“ televiziya şirkətinin tərkibində fəaliyyət göstərən “ATV İnternational” kanalı genişlənməli və inkişaf etməli idi. Bunun üçün isə müasir texnologiyalardan istifadə məsələsi həyata keçirilməlidir. Kanal kommersiya qurumu olsa da gəlir gətirmək imkanı məhdud olub. Belə olan təqdirdə “ATV İnternational”ın maliyyələşməsində problemlər yaranıb”. O, kanalın maliyyələşməsi ilə bağlı təklifin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərləndirildiyini söyləyib. V. Qaradağlı qeyd edib ki, bundan sonra “ATV İnternational” SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək.

ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov bildirib ki, təmsil etdiyi qurum bir sıra sosial layihələr həyata keçirir: “Bizim şirkət təkcə ölkədə deyil, dünyanın bir sıra dövlətlərində beynəlxalq layihələr həyata keçirir. Bu səbəbdən də qərar gəldik ki, prosesə media dəstəyi də verilsin. Beləliklə, satışa çıxarılan “ATV İnternational”ı almaq qərarına gəldik. SOCAR Media İctimai Birliyinin ARDNŞ qarşısında hər hansı öhdəliyi yoxdur. Sadəcə qurum sosial layihə kimi fəaliyyət göstərəcək”.

O qeyd edib ki, kanalda verilişlərin 10 faizi Azərbaycan, 90 faizi region ölkələrinin dillərində yayımlanacaq: “Kanal ən müasir texnologiyalarla təmin ediləcək və regionun lider televiziyasına çevriləcək. Bu kanal SOCAR biznes maraqlarını təmsil etməklə yanaşı, eyni zamanda dövlətin siyasətini yaymağı həyata keçirək”.

X. Məmmədov qeyd edib ki, kanal qeyri-kommersiya təşkilatıdır və ayrılan qrant hesabına büdcəsi formalaşdırılacaq. Kanala jurnalist Azər Xəlilov rəhbərlik edəcək.

“ATV İnternational” televiziya kanalı direktoru Azər Xəlilov deyib ki, bundan sonra “ATV İnternational” televiziya kanalı “CBC” (Caspian Broadcasting Company) adlandırılacaq. Kanal milli ideya, tolerantlıq ideologiyası əsasını üstün tutacaq və Azərbaycanın beynəlxalq təbliğatına yer ayıracaq. A. Xəlilov bildirib ki, hazırda kanalda fars, erməni, rus, ingilis dillərində yayımlanır və bu proses davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR