Müsavat Partiyası Seçki Qərargahı yaradıb

Müsavat Partiyası Seçki Qərargahı yaradıb
# 06 aprel 2013 10:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyası Məclisinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda təşkilatı məsələlər, ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr və cari məsələlər barədə müzakirələr aparılıb. Yeni seçilmiş Ağdam və Binəqədi rayon təşkilatının sədrləri Məclis üzvləri tərəfindən təsdiq olunub.

Müsavat başqanı İsa Qəmbər ölkədəki ictimai-siyasi durum barədə çıxış edərək bildirib ki, 2013-cü il önəmli seçki ili kimi yadda qalacaq: “Müsavata qarşı təzyiqlər davam edir. Bunun səbəbi Müsavatın seçkilərdə iştirakına mane olmaqdır. Bu basqılar heç bir nəticəyə gətirib çıxarmayacaq. Cəmiyyət bütövlükdə dəyişiklik arzusundadır. Köklü dəyişikliklərin dinc yolla həyata keçməsi xalqdan və beynəlxalq birlikdən asılıdır. Biz qəbul etdiyimiz qərarlar istiqamətində çalışmalıyıq”.

İsa Qəmbər seçki ili ilə əlaqədar partiyanın bütün rayon-təşkilatlarının səfərbər olmasının vacibliyini qeyd edib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə 2013-cü ildə prezident seçkilərinə hazırlığın gedişi və qarşıda duran məsələlər barədə danışıb. O, seçki ilinin önəmini nəzərə alaraq partiyanın bütün üzvləri və rayon təşkilatları qarşısında müəyyən vəzifələrin dayandığını deyib: “Qarşıda duran başlıca məsələlərdən biri hər bir seçki məntəqəsində partiyanın özəyini təmin etməkdir. Məntəqələr üzrə özəklər hər biri 3 nəfərdən ibarət olmaqla təşkil olunmalıdır. Bu imzatoplama, görüşlər və reklam kampaniyalarını həyata keçirmək üçün vacibdir. Rayon təşkilatları partiya üzvlərinin hansı məntəqədə fəaliyyət göstərməsini dəqiqləşdirməlidirlər. Komissiyada fəaliyyət göstərən, təşviqat məsələlərində iştirak edən adamların sayı müəyyənləşməlidir. Biz seçkiqabağı mühitin demokratikləşməsi istiqamətində də fəaliyyət göstərməliyik”.

Müsavat başqanının müavini Gülağa Aslanlı da seçki ilə bağlı partiyanın təbliğat məsələlərinin önəmini vurğulayıb.

Partiyanın rayon təşkilatlarının sədrləri çıxış edərək görülən işlər barədə məlumat veriblər.

Sonra Müsavat Partiyasının Seçki Qərargahının yaradılması barədə qərar səsverməyə çıxarılaraq qəbul edilib və Arif Hacılı qərargahın sədri vəzifəsinə təyin olunub. Seçki Qərargahının strukturu, fərdi tərkibi, fəaliyyət istiqamətləri ilə əlaqədar təkliflərin hazırlanıb partiyaya müvafiq seçki orqanlarında müzakirəyə çıxarılması Seçki Qərargahının sədrinə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR