“Məmur özbaşınalığına qarşı mübarizə: Nəticələr və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Məmur özbaşınalığına qarşı mübarizə: Nəticələr və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
# 12 mart 2013 11:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün QHT-lərin Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf” koalisiyası (“SeDEP” QHT-lər koalisiyası) “Məmur özbaşınalığına qarşı mübarizə: Nəticələr və perspektivlər” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli tədbirin ölkə başçısı İlham Əliyevin 12 fevral tarixli müşavirədə çıxışından sonra məmur özbaşınalığına qarşı atılan addımların 1 aylığına həsr olunduğunu deyib: “Biz də məmur özbaşınalığından əziyyət çəkirik və bu çıxışı təqdirəlayiq hesab edirik”.

Y. Cəfərli Müdafiə Nazirliyi tərəfindən ehtiyatda və istefada olan zabitlərlə bağlı icra olunmayan qətnamələrin sayının artıq 19-a çatdığını bildirib. Y. Cəfərli qeyd edib ki, bu qətnamələrin icra olunmamasının məsuliyyəti birbaşa olaraq müdafiə naziri Səfər Əbiyevin üzərinə düşür: “Qətnamələrin icrasına maneçilik törədirlər. Biz buna görə Səfər Əbiyevi günahkar bilirik. Əminik ki, o, bu qətnamələrin icrasında maraqlı deyil. Bizim ittihamlarımız orduya deyil, konkret şəxsə - Səfər Əbiyevə qarşı yönəlib. Biz bu qətnamələrin icrasında israrlıyıq”.

Y. Cəfərli həmin qətnamələrin ATƏT-in baş ofisinə və AŞ PA-ya göndərəcəklərini də qeyd edib. O, həmçinin bu qətnamələrin icra olunmaması ilə əlaqədar martın 19-da piket keçirəcəklərini və bunla bağlı yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini deyib: “Biz piket keçirməkdə iddialı deyilik. Amma Novruz bayramına qədər bu problemin həll olunacağı barədə vəd verməsələr, piket keçirəcəyik. Ədliyyə Nazirliyinin qarşısından başlanacaq aksiya Səfər Əbiyevin Yasamal rayonu, Qızıl Şərq küçəsində yerləşən iqamətgahının qarşısınadək yürüşlə sona çatacaq”.

Tədbirdə iştirak edən Müdafiə Nazirliyi Hüquq idarəsinin şöbə rəisi Emin Əzimzadə isə qətnamələrin mütləq icra olunacağını vurğulayıb: “Bununla bağlı isə sizi səbirli olmağa çağırıram. Qətnamələrdə qeyd olunan vəsaitlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanacaq və hər bir şəxsə ödəniləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR