Milli Məclisin sədr müavini: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz imkanlarından istifadə etmir”

Milli Məclisin sədr müavini: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz imkanlarından istifadə etmir”
# 16 iyul 2012 12:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük imkanları var, amma bu imkanlardan istifadə etmir”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, işğalçı Ermənistana təzyiqlər göstərilmədiyi üçün bu qurumun fəaliyyəti cəmiyyətdə narazılıq doğurur: “Bu yaxınlarda bölgədə səfərdə olan ATƏT-in baş katibi də bəyan etdi ki, hər hansı tərəfə təzyiq etmək fikrimiz yoxdur. Necə ola bilər ki, beynəlxalq hüququn prinsiplərini pozan işğalçı tərəfə “sən bunu etmisən” demək istəməyəsən? Bu kimi yanaşmalar Azərbaycan cəmiyyətində narahatlıq doğurur”.

Son aylar beynəlxalq təşkilatların rəhbərliyinin və ABŞ dövlət katibinin regiona səfərlərinin münaqişənin həllinə təsirlərinə toxunan B. Muradovanın sözlərinə görə, Hillari Klintonun regiona səfərindən sonra Amerika rəsmiləri problemin tezliklə həllində maraqlı olduğunu bəyan ediblər: “Təmas xəttində baş verən insidentlərdən sonra danışıqlar prosesində intensivləşmə var. Hər kəs münaqişənin uzanmasının və atəşkəs rejiminin saxlanmasının artıq getdikcə mümkünsüz olduğu qənaətinə gəlir. Müharibənin yenidən alovlanmasını heç kəs istəmir. ATƏT rəsmiləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini prioritet kimi səsləndirirlər. Bir çoxları deyirlər ki, münaqişənin başlanmasına yol verməmək əsas məqsəd deyil, buna yol verilmirsə, böyük uğurdur. Amma biz bunu uğur saya bilmərik. Bu intensivləşməni sönməyə qoymamaq və onu artıq problemin həllinə yönəltməyə cəhd etmək lazımdır”.

B. Muradova hesab edir ki, danışıqlarda intensivləşmə təkcə Azərbaycanın cəhdlərindən asılı deyil, həm də həmsədrlərin münaqişənin nə dərəcədə sona qədər həll etmək istəyindən asılıdır. Qnun fikrincə, həmsədrlər arasında hansısa dövlət təşəbbüslərini artırırsa, digəri bundan qıcıqlanır və özü bu prosesdə fəal olmağa çalışır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR