Azərbaycanda fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar təsdiqlənib

Azərbaycanda fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar təsdiqlənib
# 17 fevral 2012 10:07 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu qaydalar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə mülkiyyət formasından asılı olmayaraq, bütün telekommunikasiya və poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyir.

Qaydalara əsasən, fövqəladə vəziyyət şəraitində ümumi istifadəli telekommunikasiya şəbəkələri RİTN tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur.

Fövqəladə vəziyyət şəraitində telekommunikasiya operatorları və provayderləri ilk növbədə dövlət hakimiyyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik və daxili işlər orqanlarının, Fövqəladə Hallar Nazirliyinin (FHN), fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantının, eləcə də bu şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən digər dövlət orqanlarının rabitə xidmətlərinə tələbatının ödənilməsini təmin etməlidirlər. Başqa sözlə, fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə xətləri və rabitə kanalları adi və mobil telefon şəbəkəsində telefon nömrə tutumu, internet və teleqraf şəbəkəsi, radiorabitə kanalları və s. ilk növbədə müdafiə, milli təhlükəsizlik, daxili işlər orqanlarının, Dövlət Sərhəd Xidmətinin, FHN-in və digər dövlət orqanlarının istifadəsinə verilir, adı çəkilən dövlət qurumları həmin imkanlardan pulsuz istifadə edirlər.

Bundan başqa, qaydalara əsasən, fövqəladə vəziyyət şəraitində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlara (diplomatik immuniteti olanlardan başqa), ictimai birliklərə məxsus rabitə vasitələri xidməti istifadə üçün FHN-ə verilə bilər.

Abunəçilər və istifadəçilər (diplomatik immuniteti olanlardan başqa) fövqəladə vəziyyətdə polis, təcili tibbi yardım, FHN və digər dövlət orqanları işçilərinin telefondan maneəsiz istifadə etmələrinə şərait yaratmalıdırlar.

Fövqəladə vəziyyət şəraitində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və digər səlahiyyətli dövlət orqanları rabitə şəbəkələrinin fəaliyyətini müvəqqəti məhdudlaşdıra və dayandıra bilərlər. Eləcə də RİTN fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələrinin ümumi istifadəli telekommunikasiya şəbəkəsinə qoşulmasına məhdudiyyət qoya bilər. Belə ki, fövqəladə hallar zamanı RİTN əvvəlcədən məlumatlandırmaqla abunəçinin və istifadəçinin razılığı olmadan müəssisə və mənzillərdə qoyulmuş telefonlarının xətdən müvəqqəti açılmasına qərar vermək, internet provayderlərinin internet xidmətlərinin göstərilməsini dayandırmaq səlahiyyətlərinə malikdir. Bu zaman ayrı-ayrı şəxslərin və əhalinin ayrı-ayrı qruplarının ayrı-seçkiliyinə yol verilməməlidir. Amma belə hallarda abunəçilərin telefon vasitəsilə ixtisaslaşdırılmış təcili yardım xidmətləri (yanğından mühafizə, polis, təcili tibbi yardım, fövqəladə hallar, qaz və elektrik qəza xidmətləri və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) ilə əlaqəsi mümkün həddədək təmin edilməlidir.

Qaydalara əsasən, fövqəladə vəziyyətdə rabitə xidmətlərindən ilk növbədə xüsusi kartoteka abunəçiləri istifadə edə bilər. Bu abunəçilərin siyahısı RİTN tərəfindən ildə iki dəfədən az olmayaraq səlahiyyətli dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib edilərək, icra üçün aidiyyəti rabitə müəssisələrinə və poçt rabitəsinin milli operatoruna göndərilir.

Fövqəladə hallar zamanı xaricdən daxil olan humanitar yardımların poçt vasitəsilə daşınması da təşkil edilə bilər, eləcə də FHN və digər dövlət orqanlarının telekommunikasiyadan istifadə imkanları məhdudlaşdığı halda, poçt rabitəsinin milli operatoru tərəfindən kuryer xidmətlərindən istifadə imkanları yaradılmalıdır.

RİTN və FHN fövqəladə vəziyyət şəraitində qarşılıqlı əlaqədə olan ümumi istifadəli rabitə şəbəkələrinin dayanıqlı işinin təmin edilməsi üçün lazımi material ehtiyatları (xüsusi səyyar telekommunikasiya vasitələri, qurğuları, sonlama avadanlıqları, nəqliyyat vasitələri və digər zəruri texnika) yaratmalı, rabitə avadanlıqlarının saz vəziyyətdə saxlanmasını təmin etməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR