Bu gün Vyanada Avstriya-Azərbaycan biznes forumu keçiriləcək

Bu gün Vyanada Avstriya-Azərbaycan biznes forumu keçiriləcək
# 22 fevral 2012 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Vyanada (Avstriya) Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə qarışıq komissiyanın VII iclasında iştirak edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, iclas zamanı ikitərəfli ticari və iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektivlər, Avropa Birliyi-Azərbaycan əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlər müzakirə olunub. Eyni zamanda müxtəlif ikitərəfli görüşlər, həmçinin BMT-nin Vyana ofisinin direktor müavini, BMT-nin kosmik məsələlər ofisinin direktoru xanım Mazlan Otmanla görüşlər keçirilib.

Hökumətlərarası komissiyanın iclası çərçivəsində fevralın 22-də Avstriya Federal İqtisadi Palatası ilə birgə 60-dan artıq Avstriya, 20-yə yaxın Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən biznes-forum keçiriləcək. Avstriya Federal İqtisadi Palatası ölkədə fəaliyyətdə olan bütün özəl və dövlət şirkətlərini özündə birləşdirir.

Eyni zamanda fevralın 22-də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avstriyadakı səfirliyi ilə birgə «Azərbaycan günü» təşkil edəcək. Tədbirə Avstriya hökumət üzvləri, Avstriyada yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, həmçinin, bir sıra şirkət rəhbərləri dəvət edilib.

Qeyd edək ki, Azərbaycan-Avstriya qarışıq komissiyanın VI iclası 2010-cu ilin oktyabrın 21-də Bakıda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR