Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində elektron xidmətlərlə bağlı tədbir keçirilib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində elektron xidmətlərlə bağlı tədbir keçirilib
# 17 may 2012 12:15 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində “Elektron xidmətlərin təşkili və elektron sənəd dövriyyəsində elektron imzadan istifadənin əsasları” mövzusunda tədbir keçirilib.

APA_Economics”in xəbərinə görə, tədbir iştirakçıları öncə komitənin tabeliyində olan Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin “Call-Center”ində olub, elektron xidmət bölməsində göstərilən xidmətlə bağlı vətəndaşların elektron ərizələrinin (müraciətlərinin) qəbulu, həmçinin elektron xidmətlərin təşkili sahəsində aparılan işlərlə və bu proseslərdə elektron imzanın tətbiqi ilə əyani şəkildə tanış olublar.

Komitənin tabeliyində olan Dövlət Yerquruluşu Layihə İnstitutunda davam etdirilən tədbiri açıq elan edən komitə sədrinin müavini Azad Nagıyev Azərbaycan prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrasını təmin etmək məqsədilə görülmüş işlər barədə ətraflı məlumat verib. O, komitədə istifadəyə veriləcək bütün elektron sistemlərin elektron imza texnologiyası vasitəsilə dəstəklənməsinin zəruriliyini vurğulayıb, elektron imzanın unikal identifikasiya vasitəsi kimi dövlət orqanlarının idarələrarası komuunikativ fəaliyyətində böyük perspektivlərinin olduğunu bildirib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov elektron imzadan istifadənin hüquqi əsasları haqqında geniş məlumat verib. O, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun başlıca müddəaları, əsas məqsədləri üzərində dayanan natiq elektron imzanın hüquqi qüvvəsi barədə prinsipləri ətraflı şərh edib. A.Mayılov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin elektron imzanın tətbiqinə başlamış ilk dövlət orqanlarından biri olduğunu xüsusi vurğulayıb.

Komitənin İnformasiya texnologiyaları sektorunun müdiri Cavid Abdulllayev qeyd edib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov daim diqqət mərkəzində saxlayır, modern və çevik idarəetmənin təşkili, əhaliyə göstərilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, elektron imzadan istifadənin genişləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər görür. Q.Məmmədovun elektron sənəd dövriyyəsinin tətbiqi ilə əlaqədar verdiyi sərəncam və tapşırıqlar, həmçinin bununla əlaqədar imzaladığı üç əmr tədbir iştirakçılarının diqqətinə catdırılıb.

Tədbirin yekununda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşlarının elektron imzanın tətbiqi və elektron sənəd dövriyyəsi ilə baglı təqdimatları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR