“Xəyal” televiziyasının icraçı direktorunun apellyasiya şikayəti təmin olunmayıb

“Xəyal” televiziyasının icraçı direktorunun apellyasiya şikayəti təmin olunmayıb
# 20 aprel 2012 14:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Xəyal” regional televiziyasının icraçı direktoru Vüqar Qonaqovun apelyasiya şikayətinə baxılıb. Media Hüququ İnstitutundan APA-ya verilən xəbərə görə, prosesdə Vüqar Qonaqov da iştirak edib. Onun vəkili Rəşid Hacılı V. Qonaqov barəsində Nəsimi rayon Məhkəməsinin çıxardığı həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girov müqabilində azadlığa buraxılma ilə əvəz olunması barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Prosesdə, həmçinin məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Məlumatda bildirilib ki, V. Qonaqov barəsində həbs qətimkan qərarı martın 17-də Nəsimi rayon Məhkəməsi tərəfindən çıxarılıb. Həmin qərardan isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilib.

Qeyd edək ki, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, eləcə də televiziyanın baş redaktoru Zaur Quliyev martın 13-də, Qubada baş verən hadisələrə görə həbs olunublar. Onların barəsində Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR