Bu il Azərbaycanda 58 müəssisədə çörəyin istehsalı və satışına qadağa qoyulub

Bu il Azərbaycanda 58 müəssisədə çörəyin istehsalı və satışına qadağa qoyulub
# 23 oktyabr 2012 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çörək məmulatları istehsal edən bəzi müəssisələrdə aşkar olunmuş ciddi nöqsanların təhlili, aradan qaldırılması yolları, bu sahədə rast gəlinən problemlərin həlli mövzusunda dəyirmi masa keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan komitənin sədri Ramiz Həsənov ölkədə istehlak olunan məhsullar sırasında çörək məmulatlarının xüsusi yeri və çəkisinin olduğunu bildirib.

Onun sözlərinə görə, son illər hökumət tərəfindən çörək istehsalı müəssisələrinin təkmilləşdirilməsi, yeni müəssisələrinin yaradılması istiqamətində kompleks işlərin aparılır. Təkcə bu il dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 160 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 14 mln. manat, o cümlədən Bakı ətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manatadək güzəştli kredit verilib.

Daha sonra Komitə yanında Dövlət Nəzarəti Xidmətinin çörək sexlərində apardığı yoxlamaların nəticələri açıqlanıb. Bildirilib ki, xidmət fəaliyyətə başladığı dörd ay ərzində 114 çörək məmulatları istehsalı ilə məşğul olan təsərrüfat subyektində dövlət nəzarəti həyata keçirib, 84 müəssisədə nöqsanlar aşkar edilərək qanuna müvafiq tədbirlər görülüb, 58 müəssisədə çörəyin istehsalına və satışına qadağa qoyulub. Bu sahədə müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Komitədə geniş təhlillər aparılıb və əhalini daha keyfiyyətli çörək məmulatları ilə təmin etmək məqsədilə təkliflər hazırlanıb.

Hesabatda bildirilib ki, məhsul istehsalında istifadə olunan xammalların saxlanması üçün müvafiq anbar olmadığından həmin məhsulların birbaşa istehsal sahələrində saxlanması, temperatur rejiminin gözlənilməməsi nəticədə xammalların keyfiyyətinə mənfi təsir göstərməklə istehsal olunan çörəklərin keyfiyyətinin aşağı olmasına səbəb olur. Həmçinin istehsal prosesində istifadə olunan unun istifadə olunmadan öncə ələnməməsi çörəyin mexaniki çirklənməsinə yol açır: «Müəssisələrdə çalışan işçilərin qeyri-peşəkarlığı çörək məmulatlarının mövcud normativ sənədlərin tələblərinə riayət edilmədən hazırlanmasına, məhsulun çəkisi, saxlama müddəti, daşınması, qablaşdırılması qaydalarının pozulmasına gətirib çıxarıb. Belə ki, məhsulun çəkisi normativ sənədlərin tələblərinə zidd olaraq normadan aşağı istehsal edilir, hətta bəzi hallarda nəzərdə tutulmuş çəkilərdən çox ciddi kənarlaşmalara yol verilir, məhsulların saxlanma müddətləri normativ sənədlərdə nəzərdə tutulduğundan 2-3 dəfə artıq göstərilir. Bəzi hallarda istehsal olunan çörəklərə istehsal tarixi bir gün sonraya vurulur. Bir qayda olaraq əksər istehsal sahələrində sınaq laboratoriyaları demək olar ki, mövcud deyil və hazır məhsulların sınaqları aparılmır. Dəfələrlə qeyd etməyimizə baxmayaraq çörək məmulatlarının daşınması bu məmulatlar üçün nəzərdə tutulmuş xüsusi maşınlarda deyil, minik avtomobillərinin salonlarında və yük yerlərində gigiyenik normalar gözlənilmədən daşınır».

Tədbirdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çörək məhsullarının istehlakı zamanı rast gəlinən mövcud problemlərdən, istehlakçıların bu sahə ilə bağlı şikayətlərindən danışıb. O həmçinin Çörək İstehsalçıları Assosiasiyasının yaradılması təklifini də irəli sürüb.

Sonra bu sahədə mövcud olan problemlər, gizli, qanunsuz fəaliyyət göstərən müəssisələrin istehlak bazarına təsiri və birgə mübarizə metodları ilə bağlı sahibkarlar öz təklifləri ilə çıxış ediblər.

Sonda qərara alınıb ki, Komitənin əmri ilə çörək məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə (TK) yaradılsın və bu sahədəki mövcud problemlərin həlli, standartlar üzərində təkmilləşdirmə işləri və yeni standart layihələrinin hazırlanması istiqamətində tədbirlər gücləndirilsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR