İranda böyük bank oğurluğu ilə bağlı məhkəmə prosesi başlayıb

İranda böyük bank oğurluğu ilə bağlı məhkəmə prosesi başlayıb
# 18 fevral 2012 13:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Bu gün İranda böyük bank oğurluğu ilə bağlı ilkin məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, işə Tehran İnqilab Məhkəməsinin birinci şöbəsində baxılıb.

Hakim Nasir Səracın sədrliyi ilə keçirilən prosesdə oğurluqda təqsirləndirilən şəxslər barədə iddianaməni Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi oxuyub. O, oğurluqla bağlı 33 cilddə 12 min səhifəlik işi məhkəməyə təqdim edib və 32 nəfərin cəzalandırılmasını istəyib.

Prokurorun iddiasına görə, təqsirləndirilən şəxslər bankların işçiləri ilə əlbir olub bir holdinq yaradıblar. Sonra da sənədləri saxtalaşdıraraq pulu banklara geri ödəməyiblər. Təqsirləndirilənlərin İran iqtisadiyyatına böyük zərbə vurduqlarını deyən Abbas Cəfəri Dövlətabadi birinci müttəhimi Yer üzünün cinayətkarı adlandıraraq hakimdən edam hökmünü istəyib. Lakin müttəhim M.A. bəzi iddiaları inkar edərək İran xalqından, ölkənin ali dini lideri Seyid Əli Xamneyidən, şəhidlərin ruhundan və dövlət rəsmilərindən üzr istəyib: “Ola bilsin ki, qanuna zidd iş görmüşəm. Amma mənim heç zaman xalqıma xəyanət etmək niyyətim olmayıb. Əgər belə olsaydı, pulları ölkədən çıxarardım”. M.A. baş verən hadisədə işçilərinin təqsiri olmadığını, məsuliyyəti yalnız özü daşıdığını da deyib: “İşçilərim mənim əmrimdə olub və mənim əmrlərimi yerinə yetiriblər. Ona görə də onlara ağır cəza verilməsini istəmirəm. Altı aydır təkadamlıq kamerada saxlanılıram və hesabatlarla tanış deyiləm. Sadəcə, vəkilimlə söhbət etmək üçün 2 saat vaxt verilib”.

Qeyd edək ki, İran Ali Məhkəməsinin sədri ayətullah Sadiq Amoli Laricani böyük bank oğurluğunda təqsirləndirilənləri Yer üzünün cinayətkarı və Allahın düşmənləri adlandıraraq, onlardan 5 nəfərin edam ediləcəyini bildirib. İranda oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat”, “Saman”, “Melli İran” banklarından və daha bir neçə bankdan 2 mlrd. 800 mln. ABŞ dolları mənimsənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR