Rüşvət almaqda təqsirləndirilən polis mayoru məhkəmədə üzünü təqsirli bilmədiyini deyib

Rüşvət almaqda təqsirləndirilən polis mayoru məhkəmədə üzünü təqsirli bilmədiyini deyib
# 07 mart 2012 14:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən polis mayoru Toğrul Hüseynovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra T. Hüseynova söz verilib. O, elan olunan ittiham aktı üzrə özünü təqsirli bilmədiyini deyib.

Proses martın 13-də davam etdiriləcək.

Qeyd edək ki, 2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək yaşadığı ünvanda iki mərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən tutulub.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR