Azərbaycanda sifarişli qətl törətməkdə təqsirli bilinən Rusiya vətəndaşı barəsində beynəlxalq axtarış elan edilib - FOTO

Azərbaycanda sifarişli qətl törətməkdə təqsirli bilinən Rusiya vətəndaşı barəsində beynəlxalq axtarış elan edilib - <font color=red>FOTO</font>
# 12 mart 2012 10:14 (UTC +04:00)
APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, Rusiya vətəndaşı, 43 yaşlı İlya Şabanov odlu silah və partlayıcıdan istifadə etməklə insan həyatına qəsd etmədə təqsirli bilinir. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. APA-nın hüquq-mühafizə orqanlarında əldə etdiyi məlumata görə, İ. Şabanovun adı Azərbaycanda törədilən sifarişli qətl hadisəsində hallanır. Belə ki, 2009-cu ilin oktyabrında Bakı şəhər sakini, iş adamı Rauf Həsənov idarə etdiyi «Nissan-Teana» markalı avtomobillə evdən çıxıb geri qayıtmayıb. Noyabrın 5-də isə həmin nəqliyyat vasitəsi Quba şəhərində yanmış vəziyyətdə tapılıb.
Faktla əlaqədar aparılmış istintaq-əməliyyat tədbirləri ilə cinayətin iştirakçılarından olan Fərhad Süleymanov müəyyən edilib. O, 2010-cu ilin fevralında Heydər Əliyev hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb. Yaşadığı ünvanda və bağ evində aparılmış axtarışlar nəticəsində ona məxsus İtaliya istehsalı olan 1 ədəd tapança və 8 patron aşkar edilərək götürülüb.
İstintaq prosesində F.Süleymanov qətlin digər iştirakçıları barədə danışıb, eləcə də cinayətin icraçısına “Makarov” tipli tapança verdiyini etiraf edib. Məlum olub ki, zərərçəkmiş R.Həsənovun Moskva şəhərində yaşayan Mustafa Aslanovla birgə kommersiyadan əldə etdikləri 5 milyon ABŞ dollarının bölüşdürülməsi zamanı aralarında narazılıq yaranıb.
Ona görə də, M.Aslanov onu öldürmək qərarına gəlib və bu məqsədlə Moskvada yaşayan tanışı İlya Şabanovu Bakı şəhərinə göndərib. Ötən il oktyabrın 31-də Nərimanov rayonu ərazisində İlya Şabanov R.Həsənovla görüşərək onu F.Süleymanovla birgə Goradil qəsəbəsindəki bağ evinə gətirib, orada tapançadan bir neçə dəfə atəş açaraq qətlə yetirib. Onlar cinayətin izini itirmək məqsədilə meyiti Samur-Abşeron kanalına atıb, Fərhad Süleymanov isə Rauf Həsənovun avtomobilini Quba şəhərinə apararaq orada yandırıb.
Qeyd edək ki, iş üzrə təqsirləndirilən Fərhad Süleymanov “Ayna” Mətbuat Evinin vitse-prezidenti olub. Məhkəmənin qərarı ilə o 14 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR