Bakıda Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyalarının prezidentləri ilə görüş keçirilib

Bakıda Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyalarının prezidentləri ilə görüş keçirilib
# 06 iyul 2012 09:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyində Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyalarının prezidentləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Türkiyə, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərinin idman federasiyalarının prezidentləri iştirak edib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Türkdilli Dövlətlərin Universitetlərinin İdman Federasiyaları 2010-cu ildə yaradılıb. Həmin ilin oktyabr ayında türkdilli dövlətlərin tələbələri arasında I idman oyunları keçirilib və Azərbaycanın tələbə-idmançıları bu tədbirdə 5 idman növündə iştirak ediblər. Bu işlərin davam etdirilməsi üçün federasiya tərəfindən GİN-ə müraciət edilərək türkdilli dövlətlərin idman federasiyalarının rəhbərlərinin toplantısının iyulun 5-dən 8-dək Bakıda keçirilməsi təklif olunub.

İ. İsmayılov deyib ki, türkdilli ölkələrin gənclərinin bir araya gəlməsi böyük önəm daşıyır: “Bu əlaqələri daha da inkişaf etdirmək lazımdır. Ölkə prezidenti idmana böyük qayğı göstərir. Hazırda Azərbaycanda 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Ölkənin hətta ən ucqar rayonlarında belə idman kompleksləri tikilir”.

Türkdilli Dövlətlərin Universitet İdman Federasiyalarının prezidenti Kamal Tamər isə bildirib ki, idman qardaş dövlətlər arasında münasibətləri daha da yaxşılaşdırmaq üçün ən yaxşı vasitələrdən biridir: “İstərdik ki, türkdilli ölkələrin universitetlərinin idman oyunları ilə yanaşı, Türk Dünyasının İdman Oyunları da təşkil olunsun”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR