DSMF-də Kollegiya iclası keçirilib - FOTO

DSMF-də Kollegiya iclası keçirilib - <font color=red>FOTO</font>
# 17 iyul 2012 11:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin ilk yarısında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ötən ilə nisbətən 36,9% artaraq 1 mlrd. 272,45 mln. manat təşkil edib.

Fonddan «APA-Economic»ə verilən məlumata görə, bu barədə I yarımilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib.

DSMF sədri Səlim Müslümov vurğulayıb ki, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2% artaraq 646,7 mln. manata çatıb: “Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5%-i və ya 385,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Bu sektorun ödədiyi sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 15,4% və ya 51,3 mln. manat artıb, proqnoz isə 106,7% icra olunub».

İclasda bildirilib ki, ilk yarım ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə onlardan daxilolmalar müvafiq olaraq 9,5% və 4,4% artıb.

Bu dövrdə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 14,8% artaraq 261,7 mln. manat təşkil edib, proqnoz 92,6% icra olunub: “Ümumilikdə DSMF üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,8% icra olunub və bu, pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib”.

Yanvar-iyun aylarında DSMF-nin xərcləri 1 mlrd. 198,7 mln. manat təşkil edib ki, bunun 1 mlrd. 177,6 mln. manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib: “Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 33,6% və ya 289,5 mln. manat artaraq 1150,5 mln. manat təşkil etmişdir».

İclasda qeyd edilib ki, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi 7,9% artıb: “Bu artım əvvəlki illərə nisbətən daha böyük kontingenti əhatə edib. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52% artmış, onların da pensiyasının sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2%-nin pensiyalarının sığorta hissəsi mövcuddur”.

DSMF sədri vurğulayıb ki, ilk yarımildə pensiya və müavinət təyinatının avtomatlaşdırılması istiqamətində tədbirlər daha da intensivləşdirilib, əhaliyə göstərilən elektron xidmətlərin sayı artaraq 20-yə çatıb. İlin birinci yarısında pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sistemi təkmilləşdirilib. Nəticədə plastik kartların pensiyaçılara çatdırılması ilə DSMF-in şöbələri deyil, müvəkkil bankların filial və ya şöbələri məşğuldur.

İclasda kollegiya üzvləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalara nəzarətin gücləndirilməsi, qeydiyyatdan kənar fəaliyyət göstərən şəxslərin sosial sığortaya cəlb edilməsi və əmək ödənişlərinin leqallaşdırılması istiqamətində digər mərkəzi icra hakimiyyəti orqanları ilə birgə zəruri tədbirlərin gerçəkləşdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.

Kollegiya iclasında fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirləri barədə qərarlar da qəbul edilib. İclasda məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR