“Gənclər Kuboku” turnirinin mükafatlandırma mərasimi keçirilib

“Gənclər Kuboku” turnirinin mükafatlandırma mərasimi keçirilib
# 08 avqust 2012 15:45 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda gənclərarası ilk “Gənclər Kuboku” turnirinə yekun vurulub.

APA-nın məlumatına görə, tunirin mükafatlandırılma mərasimi 6 avqust 2012-ci il tarixində AFFA-nın inzibati binasında konfrans zalında keçirilib. Bağlanış mərasimində millət vəkili Ceyhun Osmanlı, AFFA-nın baş katibi Elxan Məmmədov, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “NOVCO” Şirkətlər Qrupunun prezidenti Fərid Novruzi iştirak ediblər, ölkəmizdə idmanın inkişafına dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar və qalibləri təbrik ediblər.

Turnirdə birinci yerə ASAİF, ikinci yerə ATGTİ və üçüncü yerə isə “Kreativ Gənclər” İctimai Birliyinin komandaları sahib çıxıb. Qaliblərə kubok, diplom və “MY BRANDS” Şirkətindən müxtəlif hədiyyələr təqdim edilib.

Xatırladaq ki, turnir çərçivəsində iki play-off mərhələsi keçirilib. Birinci play-off mərhələsində 32 komanda, ikinci play-off mərhələsində isə birinci mərhələdə qalib gələn 16 komanda iştirak edib. İkinci play-off mərhələsindən sonra qalib gələn 8 komanda qrup mərhələsində mübarizəni davam etdirib. Final mərhələsi isə 19 iyul tarixində keçirilib. Layihə çərçivəsində bütün oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən “İdman ili” elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR