DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində dinləyicilərin and içmələrinə həsr olunmuş təntənəli mərasim keçirilib

DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində dinləyicilərin and içmələrinə həsr olunmuş təntənəli mərasim keçirilib
# 07 may 2012 17:06 (UTC +04:00)
Bakı-APA. U gün Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində 2012-ci tədris ilinin ikinci toplanışının buraxılışına və ilkin hazırlıq kursunu bitirmiş dinləyicilərin and içmələrinə həsr olunmuş təntənəli mərasim keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov iştirak edib.
Məktəbin rəisi, polis polkovniki Əli İbrahimov bu münasibətlə sıra meydanına düzülmüş şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə nazir müavininə raport verib.
Ə.İbrahimov dinləyicilərin peşə, mənəvi və fiziki hazırlığının artırılması məqsədi ilə adı çəkilən məktəbdə həyata keçirilmiş məqsədyönlü tədbirlər və bu sahədə əldə olunmuş uğurlu nəticələr barədə çıxış edib.
Tədbirdə çıxış edən nazir müavini Əsgər Ələkbərov təntənəli mərasimin 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 67-ci və Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ərəfəsinə təsadüf etdiyini xatırladaraq DİN rəhbərliyi və şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından əlamətdar hadisələr münasibətilə şəxsi heyəti təbrik edib.
Polis general-leytenantı Ə. Ələkbərov müdavimlərin məktəbdə qazandıqları bilik və vərdişləri təcrübədə uğurla tətbiq edəcəklərinə, DİO-nun ən yaxşı ənənələrinin davamlı olacağına əminliyini bildirib, gənc əməkdaşlara vətənə məhəbbət, dövlətçiliyə sədaqətlə xidmət etməyi, çətinliklərə mərdliklə sinə gərmələrini, öz üzərlərində işləmələrini, peşəkarlıqlarını daim artırmalarını tövsiyə edib, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra dinləyicilər təntənəli şəkildə «Polis andı»nı qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR