Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində qoz və şabalıd ağaclarının kəsildiyi haqda şikayət təsdiqini tapmayıb

Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində qoz və şabalıd ağaclarının kəsildiyi haqda şikayət təsdiqini tapmayıb
# 10 aprel 2012 07:37 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “qaynar xətt”inə 2 aprel 2012-ci il tarixində Aslan Rzayev adlı vətəndaşdan şikayət daxil olub. Nazirlikdən APA-ya verilən məlumata görə, A. Rzayev şikayətində bildirib ki, Zaqatala Dövlət Təbiət Qoruğunun Katex kəndi ərazisində qoz və şabalıd ağacları kəsilir və guya o, şəxsən bunun şahidi olub. Lakin araşdırma zamanı məlum olub ki, A. Rzayevin şikayəti qərəzli xarakter daşıyır.

A. Rzayev qanunsuz ov edərkən qoruq əməkdaşları tərəfindən əvvəllər dəfələrlə saxlanılıb. Sonuncu dəfə o, 23 fevral 2012-ci il tarixində Murad Cəfərov adlı vətəndaşla birgə qanunsuz ov edərkən qoruğun əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı saxlanılıb və onlar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün tərtib olunmuş sənədlər Balakən rayon Polis Şöbəsinə göndərilib. Aparılan araşdırmalar nəticəsində A. Rzayevin şikayətinin şəxsi və qərəzli xarakterli olması, eyni zamanda fərdi konfliktləri həll etmək məqsədi daşıdığı sübut edilib. Daxil olan şikayətdə göstərildiyi kimi, çoxlu sayda ağacların kəsilməsi faktı öz təsdiqini tapmayıb. Qoruğun əməkdaşları tərəfindən cari qaydada mühafizə rejiminə əməl olunmasını yoxlamaq məqsədilə 15 mart 2012-ci il tarixində əraziyə keçirilən baxış zamanı - yəni şikayətdən əvvəl bir ədəd qoz ağacının naməlum şəxslər tərəfindən kəsildiyi, köküstə qurumuş və küləyin təsirindən aşmış digər ağacın isə doğrandığı məlum olub. Bununla əlaqədar 16 mart 2012-ci il tarixində əraziyə cavabdeh olan mühafizə yegeri barəsində akt tərtib olunaraq 247,7 manat məbləğində ziyan hesablanaraq onun tərəfindən ödənilib və barəsində intizam tənbeh tədbiri görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR