Gələn ay Kiyevdə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Gələn ay Kiyevdə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 11 aprel 2012 09:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1,4 milyard dollar təşkil edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi dinamik inkişaf edir”. APA-nın məlumatına görə, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko söyləyib.

Onun sözlərinə görə, hər iki ölkənin rəhbərliyi iqtisadi münasibətlərin səviyyəsini siyasi münasibətlərin səviyyəsinə çatdırmağın zəruriliyini dəfələrlə vurğulayıblar: “Resurslarımız ticarət dövriyyəsinin həcmini 2 milyard dollara çatdırmağa imkan verir, ümidvaram ki, bu il bu rəqəmə nail olacağıq. Ukrayna və Azərbaycan sıxılmış qazın nəqlinə dair danışıqların aktiv mərhələsindədir. Mayın sonları, iyunun əvvəllərində Kiyevdə Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. İclasda energetika, hərbi, aerokosmik sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Biz Azərbaycanda kosmos sahəsinin nə qədər sürətlə inkişaf etdiyini görürük. Ukrayna öz tərəfindən bu məsələyə dəstək verməyə hazırdır”.

Səfir qeyd edib ki, hazırda “Azərkosmos” və Ukraynanın “Yujnıy” bürosu aerokosmik sahədə əməkdaşlığı genişləndirmək barədə məsləhətləşmələr aparır. Turizmin inkişafı məsələsinə toxunan Aleksandr Mişşenko yayda Bakıda Lvov və Simferopola birbaşa reyslərin açılmasının planlaşdırıldığını deyib. Ukraynanın Azərbaycanla humanitar əlaqələri də genişləndirməkdə maraqlı olduğunu deyən səfir bu il Ukraynada Azərbaycan Mədəniyyəti Günlərinin, gələn il isə Azərbaycan Ukrayna Mədəniyyəti Günlərinin keçiriləcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR