Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının 2/3-si regionların payına düşür

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının 2/3-si regionların payına düşür
# 31 may 2012 08:42 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ilin martında ölkədə 10 167 əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb.

Ümumilikdə bu ilin ilk 3 ayında ölkədə 32,5 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,1% artıqdır. Qeydiyyatdan keçən əmlakın 9 619-u (29,6%) ilkin, 22 868-i (70,4%) təkrar qeydiyyatdan keçib. Ötən ilin eyni dövrünə nisbətən təkrar qeydiyyat 30%-dən çox artıb.

Yanvar-mart aylarında tərtib olunan texniki pasportların sayı ötən ilin eyni dövrünə nisbətən 19%, yüklülük 2,1 dəfə, ipoteka qeydiyyatı 49%-dən çox, müayinə aktları 2,9 dəfə, məhdudlaşdırmaya dair arayışlar 22%-dən çox artıb.

Birinci rübdə qeydiyyatı aparılan əmlaklardan 6 757-si fərdi yaşayış və bağ evi, 11 820-si mənzil, 11 986-sı torpaq sahəsi, 932-si qeyri-yaşayış binası, 706-sı qeyri-yaşayış sahəsi, 200-ü əmlak kompleksi, 85-i çoxillik əkmə, 1-i isə çoxmərtəbəli yaşayış binaları olub.

Bu dövrdə fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 30%-dən çox, mənzillərin qeydiyyatı təqribən 6%, torpaq sahələrinin qeydiyyatı 32%-ə yaxın artıb. Qeyri-yaşayış binaları üzrə artım 15,3%, qeyri-yaşayış sahələrində 2,6%, əmlak kompleksində 14,3% olub.

Ölkənin əmlak bazarında regionların payının artımı tendensiyası martda da davam edib. İlin ilk 3 ayında əmlakın qeydiyyatında regionların payı 62% olub. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür.

Hesabat dövründə daşınmaz əmlak bazarında torpaq sahələri ilə əməliyyatların sayı sürətlə artıb. Torpaqla əməliyyatların böyük hissəsi - 88%-i regionların payına düşür ki, bu da bölgələrdə iqtisadi canlanmanı, xüsusilə də kənd təsərrüfatına marağın ciddi surətdə artmasının göstəricisidir.

Ümumilikdə ilk 3 ayda regionlarda daşınmaz əmlakın qeydiyyatının artım sürəti Bakını 3 dəfədən çox üstələyir. Belə ki, ötən ilin eyni dövrünə nisbətən yanvar-mart aylarında Bakı şəhər Ərazi İdarəsi üzrə daşınmaz əmlakın qeydiyyatı 8,3% artdığı halda, regionlarda artım sürəti 27% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR