Sergey Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş dialoqun davam etdirilməsinə hər cür dəstək verməyə hazırdır”

Sergey Lavrov: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş dialoqun davam etdirilməsinə hər cür dəstək verməyə hazırdır”
# 02 aprel 2012 15:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, Rusiya prezidenti Dmitri Medvedyev ATƏT-in Minsk Qrupu nümayəndələrinin gördüyü işi inkişaf etdirmək üçün Azərbaycan və Ermənistanın dövlət başçıları ilə onlarla görüş keçirib.

“İş başa çatmayıb, lakin yanvarın 23-də Soçidə görüş keçirən Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tezliklə razılaşmalara nail olmaq üçün səyləri davam etdirməyə hazır olduqlarını bildirdilər. Rusiya tərəflərin istəyi ilə bu prosesə hər cür köməklik göstərməyə hazırdır. Ermənistan və Azərbaycan Rusiya ilə dost və strateji tərəfdaş olan ölkələrdir və Moskva onlar arasında münasibətlərin necə qurulmasına laqeyd yanaşa bilməz”.

Lavrov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz funksiyasını vicdanla yerinə yetirir: “Onlar bütün tərəflərin qəbul etdiyi, Helsinki Yekun Aktında və BMT Nizamnaməsində nəzərdə tutulmuş prinsiplərdən kənara çıxmayıblar. Bu prinsiplər tərəflərin güc tətbiqindən çəkinməsini, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etmə hüququna hörməti nəzərdə tutur. Həmsədrlərin bu mövqeyi dəyişməyib”.

Xatırladaq ki, bu gün Rusiya xarici işlər nazirinin İrəvan, Bakı, Bişkek və Astanaya beş günlük turnesi başlayıb. XİN başçısının Ermənistan və Azərbaycana səfəri Rusiyanın bu ölkələrlə diplomatik əlaqələr qurmasının 20-ci ildönümü ilə əlaqədardır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR