Azərbaycanlı iş adamı «Qazprom» şirkətini məhkəməyə verib

Azərbaycanlı iş adamı «Qazprom» şirkətini məhkəməyə verib
# 13 iyun 2012 11:50 (UTC +04:00)
«Vedomosti» qəzetinin məlumatına görə, London Beynəlxalq Arbitraj Məhkəməsində «Qazprom»a qarşı iddia qaldıran F.Əhmədov qaz nəhəngini onun şirkəti ilə imzalanmış səhmdar müqaviləsini pozmaqda ittiham edir.

Kiprin «R.E.D.I.» şirkəti tərəfindən (F.Əhmədov bu şirkət vasitəsilə «Nortqaz»ın 49%-nə sahibdir) qaldırılan iddiada bildirilir ki, «Qazprom»un hərəkətləri («Nortqaz»ın 51%-nə malikdir) «Nortqaz»ın zərər çəkməsinə və bu şirkətdə Fərhad Əhmədovun payının aşağı düşməsinə səbəb olub. Belə ki, 2005-ci ildə «Nortqaz»ın 51%-nin «Qazprom» şirkətinə satılması ilə bağlı bağlanmış müqavilədə «Qazprom» «Nortqaz»ın normal işini təmin edəcəyinə, yəni şirkətin müqaviləyə qədərki dövrdə olduğu kimi və ya ondan yaxşı işləyəcəyinə dair öhdəlik götürüb. Amma sonradan emal olunacaq kondensatın həcmi bölüşdürüləndə məlum olub ki, bu həcmi «Qazprom» şirkətinin törəmə şirkətləri bölüşdürəcək və faktiki olaraq «Nortqaz» bu şirkətlərdən tam asılı vəziyyətə düşəcək. «Qazprom» və «Nortqaz» qazın qiyməti barədə də razılığa gələ bilməyiblər. «Qazprom»un törəmə şirkəti olan «Qazprom Mejreqionqaz» qazın 1000 kubmetrini 828 rubla almağa razıdır ki, bu da «Qazprom»un özünün müəyyən etdiyimi minimum qiymətdən 38% aşağıdır. Halbuki minimum qiymət 1143 rubl təşkil edir.

İddia ərizəsində «R.E.D.I.» şirkəti «Qazprom»dan kondensatın əvvəlki qaydada emal olunmasını təmin etməyi və bu dövrdə itirilmiş gəliri qaytarmağı tələb edir. İddiada həmçinin tələb olunur ki, «Qazprom» 2012-ci il ərzində qazı «Nortqaz»dan 1143 rubla alsın, ya da bu qazın «İtera» şirkətinə ötürülməsinə şərait yaratsın.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR