Estoniya “Eurovision 2012” təmsilçisini, İspaniya isə mahnısını seçib

Estoniya “Eurovision 2012” təmsilçisini, İspaniya isə mahnısını seçib
# 04 mart 2012 21:57 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Estoniyanın “Eurovision 2012” mahnı müsabiqəsi təmsilçisi müəyyənləşdirib. APA-nın məlumatına görə, ölkənin təmsilçi adını Ott Lepland “Kuula” adlı mahnısı ilə qazanıb. Bildirilir ki, Estoniyanın bu ilki seçim turu rekorda imza atıb. Belə ki, münsiflər heyətinə 159 nəfər mahnı təqdim edib, onlardan 20-si isə ən layiqlisi təmsilçilik uğrunda mübarizəni davam etdirib.

Milli finalda isə 11 ifaçı yarışıb və münsiflərin rəyinə əsasən, Ott Lepland və daha bir finalçı Lenna eyni balı yığıb. Lakin Ott Lepland tamaşaçı səsinin 67%-ni yığaraq qalib elan edilib.

Estoniya Bakıda mübarizəyə ikinci yarımfinalda qatılacaq. Ötən il ölkəni Getter Jaani “Rockfeller Street” adlı mahnıyla təmsil edib və finalda 24-cü yeri tutub.
İspaniya isə “Eurovision 2012” üçün təmsilçisi Pastora Solerin ifa edəcəyi mahnısını seçib. Münsiflər və tamaşaçıların rəyinə əsasən, Pastora Soler Bakı səhnəsində “Quedate Conmigo” (“Mənimlə qal”) adlı mahnı ifa edəcək.

Dekabrın sonlarında İspaniyanın təmsilçisi kimi seçilən gənc sevilyalı müğənni üç mahnını təqdim edib. “Quédate Conmigo”, “Tu Vida Es Tu Vida” və “Ahora O Nunca” arasından münsiflər və tamaşaçıların bir mahnı daha çox xoşuna gəlib və həmin kompozisiya İspaniyanın “Eurovision 2012” mahnısı seçilib .

Qeyd edək ki, İspaniya böyük beşlik ölkələrindən biri olduğuna görə, mayın 26-da keçiriləcək finalda çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR