Azərbaycan paytaxtında böyük tıxaclar yaranıb

Azərbaycan paytaxtında böyük tıxaclar yaranıb
# 24 oktyabr 2012 07:56 (UTC +04:00)
APA-nın məlumatına görə, Heydər Əliyev prospektindən şəhərin mərkəzinə doğru, həmçinin Bayıldan şəhər istiqamətinə böyük tıxaclar yaranıb. Artıq bir neçə saatdır ki, həmin istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkəti faktiki olaraq mümkünsüzdür.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, yollarda yaranan sıxlıq paytaxtda keçiriləcək “Formula-1” şou-proqramı çərçivəsində həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlıdır. Ötən gün bu barədə məlumat verildiyini qeyd edən V. Əsədov bir daha bildirib ki, sabahdan start götürəcək şou proqram ilə əlaqədar Azadlıq meydanı istiqamətində yollar bağlanıb. Bunun üçün də sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, ötən gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Formula-1” şou-proqramı ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 24-dən tədbirin hazırlığı, sonrakı günlərdə rəsmi paradla açılışı, ərazidə məşqlərin avtomobillərin start və finişi oktyabrın 28-dək davam edəcək. Yarışlarda 10 ölkənin komandası, 35 avtomobil 14 döngə və 2200 metrlik yürüş zolağı boyunca hərəkət edəcək.

Tədbirin keçirildiyi müddətdə təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalini və avtomobil sürücülərini nəzərinə çatdırır ki, oktyabrın 24-ü 07.30-dan oktyabrın 29-dək yürüş zolağı kimi nəzərdə tutulmuş Azadlıq Meydanı, Zorge, Puşkin, Ü. Hacıbəyov, Z. Əliyeva, R. Behbudov küçələri Azadlıq və Neftçilər prospektləri istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Tədbir keçirilən müddət ərzində A. Cəlilov və Y. Səfərov küçələrinin kəsişməsindən, S. Vurğun və Bülbül prospekti ilə Z. Əliyeva küçəsinin kəsişməsindən, Niyazi küçəsi ilə “Azneft” dairəsinə və “Azneft” dairəsindən Neftçilər prospekti ilə, həmçinin “Kempinski” otelindən M. Müşfiq küçəsi ilə Parlament prospekti, M. Hüseyn, Teymur Elçin, Niyazi küçələrindən “Azneft” dairəsi və Neftçilər prospekti ilə yürüş zolağı istiqamətində hərəkətin məhdudlaşdırılmasını nəzərə alaraq, mümkün qədər şəxsi avtomobillərdən az istifadə olunması, alternativ yollardan istifadə etməklə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR