Mübariz Əhmədoğlu: “İslam dininin qadağan etdiyi sələmçiliyin İranda din və dövlət tərəfindən dəstəklənməsi mühüm geosiyasi tutumlu məsələdir”

Mübariz Əhmədoğlu: “İslam dininin qadağan etdiyi sələmçiliyin İranda din və dövlət tərəfindən dəstəklənməsi mühüm geosiyasi tutumlu məsələdir”
# 25 iyun 2012 09:48 (UTC +04:00)
Bakı-APA. “İranın nüvə texnologiyaları ilə bağlı aparılan danışıqlarda İran tərəfinin ortalığa qoyduğu ən ciddi arqument atom silahının islam dinində qadağan olunduğu üçün İranın bundan istifadəsinin qeyri-mümkünlüyüdür”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

“Əvvəla, islam dini yarananda atom silahı olmadığı üçün onun icazəsi qadağası, halalı, haramı, məkruh və ya müstəhəbliyi barədə heç kim heç bir söz deyə bilməzdi. İkincisi, iranlıların ali dini liderinin atom silahının yaradılmasını qadağan edən nəinki fətvası, heç bu mövzuda heç bir fikri də yoxdur. Üçüncüsü, centlmen sazişləri ciddi dövlətlər üçündür. İranda siyasətin kontent analizi aparılanda “hiylə”, “kələk” kimi terminlərin ümumilikdə bütün qalan terminlərdən 3-4 dəfə çox istifadə olunduğunu görmək olar. Dördüncüsü, İrandakı islam siyasi islamdır. İranda islam siyasətə tabe edilib. İrandakı islam dövlətin qulluğundadır.

İranın başında duranlar müasir dünya idarəçiliyi ilə bağlı çox əcaib fəlsəfəyə malikdirlər. Onların fikrincə, ABŞ və Qərbin bəzi dövlətləri ona görə yaxşı yaşayırlar ki, arsenallarında güclü silahlar, o cümlədən nüvə silahları var. Nüvə silahları dünya dövlətlərini, eləcə də qonşu dövlətləri həmin dövlətlərə bac-xərac verməyə başqa sözlə, onların iqtisadi maraqlarına uyğun fəaliyyət reallaşdırmağa məcbur edir. İranın “işləmədən dişləməsi”, başqa sözlə varlı yaşaması üçün İran nüvə silahına malik olmalıdır. Bu halda İranın qonşu dövlətləri İrandan malı baha alıb, öz mallarını isə İrana ucuz qiymətə satacaqlar və beləliklə, İran həmişə kef içində yaşayacaqdır. Məhz bu fəlsəfəyə görə, İranda elmin heç bir sahəsi inkişaf etmir, yalnız son dövrlərdə dəbdə olan elmlərin, o cümlədən nüvə elminin inkişafı barədə məlumatlar yayırlar. İranın dini quruluşu elmin kompleks şəkildə inkişafına imkan vermir. Əlbəttə, bu qadağalar taxılçılıq elminin inkişafına aid deyil. İranda kənd təsərrüfatı elmi inkişaf etmədiyi halda nüvə elminin inkişaf etməsinin səbəbi İranın hakim elitasının malik olduğu yuxarıda dediyimiz fəlsəfədir.

Hər gün kəşfin olduğu dünyamızda İran alimləri səmərələşdirici təklif kimi başa düşülə biləcək ideyadan uzağa gedə bilməyiblər. Bu gün İran alimləri deyə bilməzlər ki, bəşəriyyətin istifadə etdiyi hansı aləti, hansı cihazı, düsturu, formulu iranlılar yaratmışlar. Belə bir şey yoxdur, çünki elm İranda şüarçılıq səviyyəsindədir.

İranın elmə və ümumilikdə ciddiliyə münasibətini dini və rəsmi Tehranın sələmə və sələmçiliyə münasibəti tam düzgün müəyyənləşdirir. İslam dini, Qurani-Kərim, bütün islam teologiyası və teosofiyası sələmçiliyi qadağan edir. Sələmçiliyin tam qadağan olunması ilə yanaşı Qurani-Kərimdə bir neçə təxminən 10-a yaxın açıq mətnli ayə mövcuddur.

Müqəddəs qəbul edilən hədislərdə sələmçiliyin qadağan olunması ilə bağlı xeyli hədislər vardır. Başqa adı riba olan sələmlə bağlı ayələrin mətni tam birmənalıdır. Qadağandan başqa o mətnləri heç yerə yozmaq mümkün deyil. İran adını rəsmən islam dövləti qoyduğu halda bu dövlətdə sələmçilik dövlət tərəfindən müdafiə olunur. İranın banklarının tabe olduğu Mərkəzi Bankın rəhbərini İran prezidenti təqdim etsə də onun namizədliyi ali dini liderə tabe olan dindarlardan ibarət Məsləhət Şurasından keçdikdən sonra din xadimlərinin heç də az olmadığı parlament tərəfindən təsdiq olunur. Rəhbəri bu qaydada təyin edilən İranın Mərkəzi Bankının özü və tabeçiliyində olan bütün banklar Qərb bankları kimi faizlə, başqa sözlə sələm, müamilə və ya riba ilə işləyirlər. Sələm və ya riba İranın adından istifadə etdiyi İslam dinində 2 və ya 3 ən böyük günahdan birincisidir. İslam dininin ən fundamental prinsiplərindən biri ilə bu cür rəftar edən İranın ali dini liderinin və ya başqa bir kimsənin verdiyi bəyanatların tam dinə uyğun olmasına inanmağa heç bir əsas yoxdur, əksinə mötəbər mənbələr iranlıların ali dini liderin adından prezidentə, xarici işlər nazirinə, milli təhlükəsizlik şurasının katibinə, eləcə də nüvə danışıqları ilə məşğul olan bütün şəxslərə çatdırıblar ki, indiki dini lider həyatı dövründə İranı atom silahına malik dövlət kimi görmək istəyir. Atom silahından istifadə edib-edilməməsi sonrakı işdir. O baxımdan AB-nin və eləcə də məşhur “altılıq”ın apardığı danışıqlar tam faydasızdır. İranın malik olduğu 20 faizlik uran ehtiyatı bütün dünyanın tibbi tədqiqatları üçün lazım olan ehtiyatdan bir neçə dəfə çoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR