İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycanda Korporativ Sosial Məsuliyyət sahəsində mövcud durum barədə ekspert müzakirəsi keçirib

İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycanda Korporativ Sosial Məsuliyyət sahəsində mövcud durum barədə ekspert müzakirəsi keçirib
# 02 avqust 2012 11:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycanda Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində mövcud durum və KSM-ə hökumət, biznes, ictimaiyyətdə mövcud olan yanaşma tərzlərini araşdırmaq üçün ekspert müzakirəsi keçirib. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirədə qeyd olunub ki, Azərbaycan iqtisadiyyatında yüksək artım tepmi iri və orta biznesin KSM-ə münasibətini formalaşdırmayıb. Əksər şirkətlər KSM-ə menecment strategiyası kimi yanaşmır. Hər hansı şirkətin korporativ sosial siyasət sahəsində fəaliyyəti biznesi idarə edən şəxslərin epizodik olaraq şəxsi təşəbbüsləri kimi ortaya çıxır.

İSİM-in İdarə Heyətinin sədri Vüqar Bayramov bildirib ki, mərkəz bununla bağlı hesabat üzərində işləyir. Həmin hesabatda KSM sahəsində mövcud durumun araşdırılması ilə yanaşı, KSM-in inkişafı istiqamətində tövsiyyələrin verilməsi də nəzərədə tutulub.

İSİM-in hesabatı ilə tanış olan ekspertlərin fikrincə, tövsiyyələr təkcə hökumətə yox, iri korporasiyalara da göndərilməlidir. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı tövsiyyələrə Azərbaycanın KSM sahəsində beynəlxalq sazişlərə qoşulması barədə bəndin əlavə edilməsini təklif edib. Ekspertlər xeyriyyəçilik tədbirlərinin KSM-ə aid edilməsinin nə dərəcədə uyğun olmasını da müzakirə ediblər.

Konstitusiya Araşdırmaları Fondunun sədri Əlməmməd Nuriyevin sözlərinə görə, xeyriyyə tədbirlərini korporativ sosial siyasətə aid etmək düzgün deyil.

Ümid Humanitar Sosial Dayaq Mərkəzinin nümayəndəsi Fuad Cabbarov isə KSM-in kiçik biznesə aid ediləsinin tərəfdarı olmadığını bildirib.

“KSM Azərbaycan” sosial şirkətinin nümayəndəsi Kamran Məmmədzadənin sözlərinə görə, kişik bizneslə məşğul olan şirkətlər də hansısa KSM ideyalarını dəstəkləyə və ya həyata keçirə bilərlər.

Mərkəzin layihə meneceri Fainə Hənifəyeva qeyd edib ki, onlar ölkədə fəaliyyət göstərən şirkətlərin KSM siyasətini müəyyənləşdirmək üçün sorğu keçiriblər və tezliklə bu sorğunun nəticələri açıqlanacaq. Hökumətin KSM-ə münasibətinin hesabatda araşdırıldığını qeyd edən Fainə Hənifəyeva bildirib ki, Azərbaycan hökuməti KSM-in şirkətlərin könüllü fəaliyyəti kimi təqdim edilməsinin tərəfdarıdır.

Müzakirələrdə qeyd edilib ki, səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla hesabat geniş ictimaiyyətin müzakirəsinə təqdim ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR