Azərbaycanda alternativ enerji istehsalçılarının vergidən azad edilməsi təklif olunur

Azərbaycanda alternativ enerji istehsalçılarının vergidən azad edilməsi təklif olunur
# 12 aprel 2012 11:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda alternativ energetikanın inkişafında özəl sektor da yaxından iştirak etməlidir və bu sahədə işləyən sahibkarlar üçün lazımi şərait yaradılacaq. «APA-Economics»in məlumatına görə, bunu Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, özəl sektoru bu sahədə həvəsləndirmək üçün işlərə Agentliyin yaradılmasından dərhal sonra başlanıb və ilk təşəbbüslərdən biri sahibkarların 10 il müddətinə vergilərdən azad edilməsi olub: «Biz bu sahədə çalışan sahibkarların 10 il müddətinə vergilərdən azad edilməsi barədə məktub hazırlamışıq, bu müddət həmin şirkətlərin iqtisadi vəziyyətə inteqrasiyası üçün kifayətdir». Bununla yanaşı, Agentlik rəhbəri bu məsələnin müzakirə obyekti olduğunu bildirib: «Azərbaycan iqtisadiyyatı belə güzəştlərə hazırdırmı?».

Digər tərəfdən özəl sektorun bu sahədə iştirakına şərait yaratmaq üçün alternativ mənbələrdən alınan enerji üçün tariflər hazırlanacaq. Qeyd edək ki, Avropada enerji mənbəyindən və yerindən asılı olaraq alternativ enerji üçün tariflər 1 kVt/saat üçün 11-50 avrosent arasında dəyişir.

Azərbaycanda bəzi şirkətlərin artıq günəş enerjisindən enerji hasılatına başladığını və Qobustan parkının istifadəyə verildiyini xatırladan A.Bədəlov Azərbaycanda günəş panelləri istehsal edən zavodun işə başladığını qeyd edib. Onun sözlərinə görə, sahibkarlar bu panellər vasitəsilə enerji istehsal edib, onu dövlətə sata bilər.

Bundan başqa A.Bədəlov bildirib ki, ölkə ərazisində alternativ enerji mənbələrinin effektivliyini müəyyənləşdirmək və hansı ərazidə hansı mənbədən istifadə etməyin daha səmərəli olduğunu müəyyən etmək üçün Alternativ Enerji Kadastrı yaradılacaq. Bunun üçün ölkənin 21 regionunda təqribən 200-ə yaxın müşahidə stansiyası yerləşdiriləcək. Bu kadastrın yaradılması prosesi iki il davam edəcək və iş adamlarına ölkə ərazisinin hansı hissələrinin bu işlə məşğul olmaq üçün daha sərfəli olduğunu müəyyən etməyə kömək edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR