Azərbaycan əhalisi yanvarda qeyri-ərzaq mallarının alışını 24% artırıb

Azərbaycan əhalisi yanvarda qeyri-ərzaq mallarının alışını 24% artırıb
# 23 fevral 2012 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1 360,3 mln. manatlıq və ya 2011-ci ilin eyni ayı ilə müqayisədə 9,4% çox istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, satılmış əmtəələrin 59,9%-i hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 40,1%-i yarmarka və bazarlarda realizə edilib.

«Pərakəndə ticarət dövriyyəsinin tərkibində qeyri-dövlət müəssisələrinin xüsusi çəkisi 99,4% olub, bu müəssisələrdən əhali 1 352,7 mln. manatlıq və ya 2011-ci ilin yanvar ayı ilə müqayisədə 9,5% çox istehlak malları alıb», - deyə Komitədən bildirilib.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakininə orta hesabla 149,2 manatlıq və ya 2011-ci ilin eyni ayındakından 17,1 manat və yaxud 12,9% çox müxtəlif əmtəə realizə edilib.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 2,9% artaraq 845,7 mln. manata, qeyri-ərzaq mallarının həcmi 23,5% artaraq 514,6 mln. manata bərabər olub: «Ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkiləri müvafiq olaraq 62,2% və 37,8% təşkil edib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR