Bu ilin birinci rübündə Azərbaycanda 12 036 sığortaolunan üçün fərdi hesab açılıb

Bu ilin birinci rübündə Azərbaycanda 12 036 sığortaolunan üçün fərdi hesab açılıb
# 09 aprel 2012 08:19 (UTC +04:00)
Bakı - APA-Economics. Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədilə tədbirlər davam etdirilir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu tədbirlər nəticəsində cari ilin birinci rübündə DSMF tərəfindən əlavə olaraq 12 036 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Bu il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 978 890 nəfərə çatıb. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 56,1%-i kişi, 43,9%-i isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 24,7%-ni əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,5%, 30-40 yaşa kimi sığortaolunanlar 22,4%, 50-60 yaşa kimi sığortaolunanlar 20,3%, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,1% təşkil edir.

Qeyd edək ki, fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR