Sumqayıtdakı yarmarkada dana əti adı ilə satılan at ətinin laborator sınaqlarının nəticələri açıqlanıb

Sumqayıtdakı yarmarkada dana əti adı ilə satılan at ətinin laborator sınaqlarının nəticələri açıqlanıb
# 01 avqust 2012 13:04 (UTC +04:00)
SMPDK-dan “APA-Economics”ə verilən məlumata görə, komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında götürülmüş nümunələrin sınağı aparılıb. Sınaqlar nəticəsində laboratoriyaya təqdim edilmiş “at əti” nümunəsində yoxlanılmış göstəricilərindən patogen mikroorqanizmlər, o cümlədən salmonellər və bağırsaq çöpləri qrupundan olan bakteriyalar, “mənşəyi məlum olmayan ət” nümunəsində isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Xatırladaq ki, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən cari ilin 27 iyul tarixində Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı “DAEWOO ESPERO” markalı avtomobillə yarmarkaya gətirilib. Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb. Məlum olub ki, Bərdə şəhərindən gətirilmiş ətin 140 kq at əti, 25 kq camış əti, 18 kq isə qoyun ətidir. Bunu Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında təsdiq edib.

İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. Araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR