Vüsalə Mahirqızı: "APA regionun TOP xəbər agentliyinə çevrilmək əzmindədir"

Vüsalə Mahirqızı: "APA regionun TOP xəbər agentliyinə çevrilmək əzmindədir"
# 26 may 2016 12:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA. Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı "The Business Year: Azerbaijan - 2016" adlı xüsusi buraxılışında "APA Holdinq"in və "İnterfax-Azərbaijan" agentliyinin fəaliyyətinə də yer ayırıb.

APA-nın xəbərinə görə, jurnala açıqlama verən holdinqin rəhbəri Vüsalə Mahirqızı şirkətin fəaliyyəti haqqında məlumat verib: "Biz 2004-cü ildə APA agentliyi olaraq fəaliyyətə başladıq. Daha sonra sıralarımızı onlayn televiziya, "APAsport" və "Lent.az" saytları ilə genişləndirdik. "APA Holdinq"in eyni zamanda reklam xidmətləri göstərən şirkəti də var. Hazırda APA-da xəbərlər 5 dildə (müsahibə hazırlanan zaman erməni dilində xəbər buraxılışı olmayıb - red.) yayımlanır. Bundan başqa, bizim ABŞ, Fransa, İran, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiya da daxil olmaqla dünyanın müxtəlif ölkələrində müxbir bürolarımız fəaliyyət göstərir. Diqqətinizə çatdırım ki, APA-nın Avropa Şurasında ofisi var. Biz tamamilə müstəqil fəaliyyət göstəririk. APA analitika, xəbər və exit-poll xidmətləri də göstərir. Qeyd etmək istərdim ki, son prezident seçkilərində biz "exit-poll"un sifarişçisi idik. Biz Böyük Britaniya şirkətinin ISO-2014 keyfiyyət sertifikatını, eyni zamanda Azərbaycanda APA adının dövlət patentini almışıq".

V. Mahirqızı qeyd edib ki, "APA Holdinq" dünyanın müxtəlif ölkələrinin tanınmış media quruluşları və analitik mərkəzləri ilə əməkdaşlıq edir.

Holdinq rəhbəri deyib ki, APA öz fəaliyyətində diqqəti yüksək keyfiyyətli xəbər istehsalına və analizə yönəldib.

"APA regionun TOP xəbər agentliyinə çevrilmək əzmindədir", - deyə V. Mahirqızı qeyd edib.

"İnterfax-Azerbaijan" agentliyinin baş direktoru Aleksandr İvanov isə bildirib ki, rəhbərlik etdiyi media qurumu "Interfax International Group Russia" və SOCAR tərəfindən yaradılıb: "Biz Azərbaycan media sənayesinin bir üzvüyük. "Interfax-Azerbaijan"ın üstünlüyü ondan ibarətdir ki, dünyanın 140-dan çox ölkəsindən olan oxucular Qrupun xidmətlərindən istifadə edir. Bu gün "Interfax" Rusiyada sitat biznesinin şəriksiz lideridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR