Ombudsmanın əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçiriblər

Ombudsmanın əməkdaşları 11 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçiriblər
# 26 may 2016 15:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsinə (CM) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin tibb-sanitar hissəsi, cərimə təcridxanası, karantin otağı və digər obyektlərinə baxış keçirilib, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, sovqat qəbulu, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası üzrə görülmüş işlər yerində araşdırılıb.

Başçəkmə çərçivəsində müvəkkilə müraciət etmiş məhkumlar, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri dinlənilib, tibbi müayinə, saxlanılma şəraitinə dair bəzi müraciətlər isə yerində araşdırılaraq təmin edilib. Ümumilikdə isə, qəbul olunmuş məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Fərdi qəbul edilmiş şəxslərlə yanaşı, müəssisəyə yeni gəlmiş və karantin otağında saxlanılan məhkumlara ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb, onlara müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CM-lərin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR